Türkiyə Prezidentinin türkdilli dövlətlərin vətəndaşları ilə bağlı fərmanı qüvvəyə minib

14 Oktyabr 2025 11:48 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı türkdilli dövlətlərin vətəndaşlarını bu ölkədə işləmək üçün Türkiyə vətəndaşlığını almaq məcburiyyətindən azad edən fərman qüvvəyə minib. SİA TRT telekanalına istinadla xəbər verir ki, sənəd türk ölkələrindən olan əcnəbilərə silahlı qüvvələrdə və təhlükəsizlik orqanlarında xidmət istisna olmaqla, dövlət və özəl qurumlarda sərbəst işləmək və sənətkarlıqla məşğul olmaq imkanı verir.

Yeni qaydaya əsasən, türk ölkələrinin vətəndaşlarına iş icazələri Türkiyə qanunvericiliyinin peşəkar tələblərinə cavab vermək şərti ilə verilir. İcazələrin verilməsi barədə qərar daxili və xarici işlər nazirliklərinin rəyi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilir.

İcazə alan əcnəbilərdən Türkiyə vətəndaşları ilə bərabər əsasda peşə birliklərində qeydiyyatdan keçmələri və bu birliklərin üzvlərinin bütün hüquqlarından istifadə etmələri tələb olunur. Lakin fərman onların siyasi hüquqlarını istisna edir, yəni bu kateqoriyadan olan əcnəbilər seçkilərdə iştirak edə və ya peşəkar təşkilatların rəhbər orqanlarına seçilə bilməzlər.

Fərmanın icrasına nəzarət aidiyyəti nazirliklərə həvalə edilib. Yeni qaydaların icra mexanizmi isə Türkiyə Prezidentin ayrıca sərəncamı ilə müəyyən ediləcək.