“Prezident İlham Əliyevin Mərkəzi Asiyanın türk və qeyri-türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətlərinin inkişafı sahəsindəki xidmətləri göz qabağındadır. Daşkənd, Astana, Bişkek, Aşqabad nə qədər doğmadırsa, Düşənbə də bu doğmalığı hər bir münasibətində hiss etdirir. Prezident İlham Əliyev qardaş tacik xalqının qazandığı uğurları dilə gətirərək deyir: “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyinin şahidi oldum. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafına münasibət bildirərək deyir: “Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.
Dövlət başçısı Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirərək deyir: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Prezident İlham Əliyev III MDB Oyunları haqqında məlumat verərək deyir: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən - həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.
44 günlük Vətən Müharibəsi dövlətimizin həyatında tarixi sınaq rolunu oynadı. Düşməni darmadağın etməklə yanaşı, dünyanın Azərbaycana münasibəti dəyişdi. Dünyanın hansı ölkəsində mötəbər tədbirin keçirilməsindən asılı olmayaraq, qalib Azərbaycanın haqq səsi hamı tərəfindən eşidilir və diqqətə alınır”.