"Azərbaycan suyun dəyərini anlayan ölkəyə çevrilir" - AYDINLIQ GƏTİRİLDİ

14 Oktyabr 2025 10:08 (UTC+04:00)

"Azərbaycanda son illər su ehtiyatlarının azalması, iqlim dəyişikliyi və sənayeləşmə tullantı sularının təmizlənməsi və təkrar istifadəsini strateji prioritetə çevirib". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, lakin bu sahədə vəziyyət hələ də qeyri-bərabərdir: "Böyük şəhərlərdə – xüsusilə Bakıda və Abşeron yarımadasında – kanalizasiya və təmizləyici qurğuların fəaliyyəti müəyyən dərəcədə real ekoloji effekt verir. Məsələn, Hovsan Təmizləyici Qurğusunun fəaliyyəti Xəzər dənizinin çirklənməsinin qarşısını xeyli azaldıb. Amma regionlarda, xüsusən kiçik şəhər və kəndlərdə hələ də tullantı suları tam toplanmır və çox vaxt birbaşa su hövzələrinə axıdılır. Bu isə təmizlənmə sistemlərinin bir hissəsinin formal xarakter daşıdığını göstərir.

Təmizlənmiş suların kənd təsərrüfatında və sənayedə təkrar istifadəsi beynəlxalq praktikada çox geniş yayılıb və düzgün yanaşma ilə bu, həm ekoloji, həm də iqtisadi baxımdan çox səmərəlidir. Lakin təkrar istifadənin təhlükəsizliyi təmizlənmə səviyyəsindən asılıdır. Əgər su yalnız ilkin və ya bioloji təmizlənmədən keçibsə, onun tərəvəz sahələrində istifadəsi sağlamlıq riski yarada bilər. Buna görə də belə sular yalnız texniki məqsədlər və ya sənaye proseslərində – məsələn, soyutma, yuyulma və ya yaşıllıqların sulanması kimi sahələrdə istifadə olunmalıdır. Bu sahədə əsas problem texniki deyil, idarəetmə və monitorinq sisteminin zəifliyidir. Təmizləyici qurğuların daimi işlək vəziyyətdə saxlanması, laboratoriya nəzarətinin gücləndirilməsi və “fit-for-purpose” – yəni “məqsədə uyğun su keyfiyyəti” prinsipi əsasında standartların tətbiqi vacibdir.

Ümumilikdə, Azərbaycan bu istiqamətdə müəyyən addımlar atıb, lakin tullantı sularının təmizlənməsi və təkrar istifadəsinin real effektli sistemə çevrilməsi üçün monitorinq, maliyyələşmə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir".