14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” keçiriləcək. SİA xəbər verir ki, regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic”.
Bu il “Caspian Construction Week” üçün xüsusi əhəmiyyət kəsb edir: “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.
Hazırda tikinti sektoru Azərbaycan iqtisadiyyatının ən dinamik və strateji əhəmiyyətə malik sahələrindən biridir. Qarabağın bərpası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə həyata keçirilən genişmiqyaslı proqramlar bu sahəyə xüsusi önəm qazandırıb. 30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 000-dən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week”, inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir. Ölkə başçısının 2024-cü ildə göndərdiyi salamlama məktubunda qeyd olunur:
“Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur”.
Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.