Parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib -YENİLƏNİB

13 Oktyabr 2025 18:19 (UTC+04:00)

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi olub.

SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərasimdə Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır.

O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyib. O vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Qeyd edilib ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda səsləndirib.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Numan Kurtulmuş qeyd edib ki, Türkiyə Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

O, öz çıxışında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunan nailiyyətlər münasibətilə ölkəmizi və xalqımızı təbrik edib.

Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.