...Ufadakı neft emalı zavodunda Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində baş verən yanğın, son bir ayda zavodda baş verən üçüncü insidentdir. Bu, Ukrayna və Rusiya arasında artan enerji müharibəsinin son epizodudur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN yazır.
Ukrayna mənbələrinin məlumatına görə, son bir həftə ərzində Rusiyanın neft obyektlərinə ən azı dörd hücum həyata keçirilib və bu, Rusiyanın bəzi regionlarında hasilatın dayandırılmasına səbəb olub.
Bundan başqa, bir gün əvvəl Ukrayna qüvvələri Volqoqrad vilayətində qaz emalı zavoduna və nasos stansiyasına zərbələr endirib.
Moskva isə Ukraynanın enerji infrastrukturuna qarşı kütləvi zərbələr endirir. Son hücumlar nəticəsində Odessa vilayətində 240 000-dən çox ev və Kiyevdə təxminən 800 000 müştəri müvəqqəti olaraq işıqsız qalıb.
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın benzin çatışmazlığı daxili tələbatın təxminən 20 faizinə çatıb və zərbələr yeni, yerli istehsal olan Ukrayna qanadlı raketlərindən istifadə edilməklə həyata keçirilir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Syrskyi bildirib ki, təkcə sentyabr ayında Ukrayna Rusiyanın sənaye obyektlərinə 70 zərbə endirib.
Bununla belə, Ukraynanın enerji sistemi də ciddi təzyiq altındadır.
Zelenskinin sözlərinə görə, ölkə Qərb müttəfiqlərindən daha çox hava hücumundan müdafiə sistemləri tələb edən 203 əsas enerji obyektini qorumalıdır.
Ukrayna artıq qışa qədər qaz idxalını 30 faiz artırmaq üçün avropalı tərəfdaşları ilə danışıqlar aparır. Ölkənin təxminən 2 milyard dollar dəyərində olan 4 milyard kubmetrdən çox yanacağa ehtiyacı olduğu təxmin edilir.
Gərginliyə baxmayaraq, Avropada qazın qiymətləri sabit qalır və Avropa İttifaqının anbarları 83 faiz doludur.
Əli Babayev