Münasibətlərdə ən çox müzakirə olunan məsələlərdən biri də sədaqət və diqqət arasındakı tarazlıqdır. Bəziləri hesab edir ki, sevginin əsas dayağı sədaqətdir — yəni qarşı tərəfə sadiq qalmaq, inamı qorumaq və dürüstlük göstərməkdir. Digərləri isə düşünür ki, sədaqət təkbaşına kifayət deyil; münasibəti yaşadan və canlı saxlayan diqqət, qayğı və emosional yaxınlıqdır. Müasir dövrdə sosial şəbəkələr, uzaq məsafələr və dəyişən dəyərlər bu anlayışlara fərqli baxış formalaşdırıb. Bəziləri diqqətin yoxluğunu xəyanət qədər ağır sayır, bəziləri isə sədaqəti itirən münasibətdə diqqətin mənasız olduğunu düşünür. Bəs insanlar bu iki anlayış arasında hansısa birini seçməli olsalar, hansını daha önəmli hesab edərdilər? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.
Şəhər sakini Ramizə Talıbova: “Hesab edirəmki ailədə qarşılıqlı əməkdaşlıq, hörmət və diqqət ön planda olmalıdır. Belə olan halda ailə daha uzun ömürlü olar. Çünki ailədə uşaq böyüyür. Ailənin bünövrəsi üçün cütlüklər bir-birini başa düşməlidir. Kişi və qadın planlarını birlikdə qurmalıdırlar. Boşanmaların kökündə duran səbəb madiyyat və tələbdir. Kişilərin xəyanəti günümüzdə adi hal alıb. Hesab edirəm ki, bu faciədir”.
Şəhər sakini Toğrul Qədimli: “Məncə cütlüklərdə həm sədaqət, həm də diqqət çox önəmlidir. Yəni kişi və qadın birinci növbədə bir-birini başa düşməlidirlər. Qərb ölkələrinin adətləri bizim milli mentalitetə mənfi təsir göstərir. Boşanmaların səbəbi isə ailə qurduqdan sonra kişilərin iş tapa bilməməsidir. Yəni işsiz bəy öz ailəsinə arxayın olur ailə qurur. Başqa bir səbəb isə xəyanətdir. Təkcə ötən il abortların sayı 73 minə çatıb. Bu isə hər gün 213 abort sayı deməkdir. Uzunömürlü ailənin sirri cütlüklərin bir-birinə güvənməsi, sadiqlik və probləmlərin birlikdə həllinə çalışmasından keçir. Belə olan halda cütlüklər arasında xəyanət olmaz, abortların sayı azalar. Belə olan halda isə boşanma problemi ortadan qalxmış olar”.
Şəhər sakini Nicat Bayramov: “Təbiiki ailədə hər ikisi önəmlidir. Sadiqlik və diqqət biri olmazsa ailədə problemlər başlayar. Boşanmaların səbəbi isə qadınlara qarşı olan şiddətdir. Ümumiyyətlə hər kəs ailə quranda düzgün insan seçməlidir”.
Şəhər sakini Məhəmməd Məmmədov: “Fikrimcə, sədaqət önəmlidir. Boşanmaların ən böyük səbəbi xəyanətdir. Uzunömürlü ailənin sirri qarşılıqlı güvəndən keçir. Birdə qadınlar ailədə şiddətə məruz qalırlar. Bunun da səbəbi mental dəyərlərdir. Cütlüklər bir-birinə qarşı məsuliyyətli olmalıdır. Münasibətdə məsuliyyət olanda sevgidə yaranır. Sevən kişi heç vaxt qadınına qarşı zorakılıq etməz”.
Şəhər sakini Cavad Fikrətzadə: “Təbiiki münasibətdə hər ikisi önəmlidir. Kişi tərəfindən qadına daim diqqət göstərilməlidir. Cütlüklər bir-biri ilə az vaxt keçirdikdə diqqət azalır. Kişi işi ilə çox məşğul olur. Gecə evə gəldikdə isə yorğun olur. Ümumiyyətlə kişi və qadın bir-biri ilə söhbət belə etmir. Ən böyük problem isə utanmaqdır. Valideynlər öz övladlarının yanında əl-ələ belə tutmur. Məncə cütlüklərin bir-birlərinə öz sevgilərini göstərmələri münasibətləri çox gücləndirir”.
Şəhər sakini Gülnar Əhmədova: “Münasibətdə həm sədaqət, həm də diqqət çox önəmlidir. İndiki dövrdə boşanmış qadınlara pis baxırlar. İnsanların düşüncəsi dəyişilməlidir. Boşanmış qadına təəssüfki cəmiyyətdə əxlaqsız gözü ilə baxırlar. Halbuki boşanmış qadın sadəcə ailə həyatı uğursuz olan qadındır. Boşanmaların əsas səbəbi qısqanclıqdır. Sevgi və sədaqət olan yerdə maddiyyat ikinci plana keçir. Mən sevib ailə qurmamışam. Ailələrimiz bizim ailə qurmağımıza səbəb oldu. Mən boşanmışam və boşanmağımada peşman deyiləm. Özüm vəkil köməkçisi olaraq işləmişəm. Yəni məhkəmə proseslərini görnüşəm. Boşanmaların əsas səbəbkarı kişilərdir”.
Şəhər sakini Firəngiz Məmmədova: Şəhər sakini Firəngiz Məmmədova: “Məncə kişilər qadınlara qarşı diqqətli deyil. Qadınlarda təbii olaraq diqqət tələb edir. Qadınlar kişilərin laqeydliyinə dözmür. Boşanmaların səbəbi kişilərin xəyanətidir. Kişilər tərəfindən xəyanət pik həddədir. Qadınlar diqqət görmür, xəyanətə uğrayır, zorakılığa məruz qalır. Belə olan halda boşanmayıb nə etməlidir? Mən özüm boşanmışam. Sizə deyim ki, çox xoşbəxtəm. İndiki dövrdə ən xoşbəxt qadın heç vaxt ailə qurmayan qadındır".
Müəllif: İlkin Məmmədkərimov