“Rəqəmsal iqtisadiyyatın üstünlükləri ilə yanaşı, bəzi riskləri də var“ - MÜNASİBƏT BİLDİRİLDİ

13 Oktyabr 2025 17:24 (UTC+04:00)

“Onlayn ticarətin genişlənməsi, rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi iqtisadi münasibətləri köklü şəkildə yeniləyib. Əgər bir vaxtlar bazar anlayışı konkret məkanla ölçülürdüsə, indi bu anlayış sərhədləri aşaraq virtual aləmə daşınıb. Bu prosesin həm cəmiyyət, həm də iqtisadiyyat üçün çoxsaylı müsbət tərəfləri olsa da, bəzi mənfi nəticələrini də gözardı etmək olmaz”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat bilirib ki, rəqəmsal iqtisadiyyatın ən böyük üstünlüyü əlçatanlıq və rahatlıqdır: “İnsanlar artıq bir neçə kliklə dünyanın istənilən yerindən məhsul ala, xidmət sifariş edə, bank əməliyyatlarını həyata keçirə bilirlər. Bu, vaxt itkisini azaldır, biznesin coğrafiyasını genişləndirir, kiçik sahibkarlar üçün yeni imkanlar yaradır. Elektron ticarət eyni zamanda şəffaflığın artmasına, rəqabətin güclənməsinə və iqtisadi aktivliyin dinamik olmasına təkan verir. Dövlətlər üçün isə bu sistem vergi uçotunu təkmilləşdirir və qeyri-rəsmi dövriyyənin azaldılmasına imkan yaradır. Lakin rəqəmsal iqtisadiyyatın üstünlükləri ilə yanaşı, bəzi riskləri də var. Onlayn mühitdə şəxsi məlumatların təhlükəsizliyi, kibercinayətkarlığın artması, saxta məhsul və fırıldaq halları cəmiyyət üçün ciddi problemlər yaradır. Digər tərəfdən, texnologiyaya çıxışı məhdud olan əhali təbəqələri bu inkişafdan kənarda qalaraq sosial bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər. Eyni zamanda, ənənəvi ticarət formalarının zəifləməsi bəzi sahələrdə iş yerlərinin azalmasına gətirib çıxarır.

Bütün bunlara baxmayaraq, rəqəmsal iqtisadiyyat artıq geri dönüşü olmayan bir reallıqdır. Burada əsas məsələ texnologiyanı insanın rifahı naminə düzgün idarə etmək, təhlükəsizlik və sosial ədalət mexanizmlərini möhkəmləndirməkdir. Düzgün tənzimləmə və maarifləndirmə siyasəti ilə rəqəmsal iqtisadiyyat həm iqtisadi inkişafın, həm də həyat keyfiyyətinin yüksəldilməsinin ən güclü alətinə çevrilə bilər. Beləliklə, rəqəmsallaşma həm fürsət, həm də məsuliyyətdir. Gələcək bu iki anlayışı düzgün balanslaşdırmağı bacaran cəmiyyətlərin olacaq”.