“Qarabağa qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artır“ - ŞƏRH OLUNDU

13 Oktyabr 2025 16:54 (UTC+04:00)

“Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan işğaldan azad olunan torpaqlarında sürətlə bərpa-quruculuq işlərini həyata keçirib. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi və sonra qarşıda dayanan əsas vəzifə azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinin həyata keçirilməsi idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bərpa quruculuq işləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır: “Artıq bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir. Hazırda 10 mindən çox keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün bütün şəraitlər yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan məskunlaşıb. İldən ilə təbii ki, Qarabağa qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artır.

Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Böyük vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. İkinci Dövlət Proqramı ilə Böyük Qayıdışın daha böyük miqyas almasını və insanların öz doğma yurdlarına geridönüşünün və məşğulluğunun, sosial rifahının yeni mərhələyə daxil olmasını təmin etməyi planlaşdırılıb. Yeni Proqram çərçivəsində ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun böyük inkişaf məkanına çevrilməsi ilə Azərbaycanın sosial-iqtisadi tərəqqisinin ayrılmaz tərkib hissəsinə çevrilməsini də yeni mərhələyə çatdıracaq”.