"Məzmunlu və əhəmiyyətli iştirak kimi dəyərləndirilməlidir" - ŞƏRH EDİLDİ

13 Oktyabr 2025 15:40 (UTC+04:00)

"Azərbaycan–Misir əlaqələri, Azərbaycanın müstəqillik qazandığı dövrdən etibarən yüksək səviyyədə inkişaf edib. Misirdəki əvvəlki hakimiyyət dövründə olduğu kimi, hazırkı dövrdə də iki ölkə arasında münasibətlər güclü əməkdaşlıq zəminində davam edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu gün Azərbaycan Prezidentinin Misirə səfəri təkcə Azərbaycan–Misir əlaqələri kontekstində deyil, daha geniş – regional və beynəlxalq miqyasda qiymətləndirilməlidir: "Məlumdur ki, səfərin əsas məqsədi Yaxın Şərqdə keçirilən Sülh Sammitində iştirakdır. Bu tədbirə ev sahibliyini Misir etsə də, onun əsas təşkilatçısı Amerika Birləşmiş Ştatlarıdır. Sammitin əsas mövzusu İsrail və Həmas arasında sülhün əldə olunması ilə bağlı razılaşmaların müzakirəsidir.

Azərbaycanın bu tədbirə dəvət olunmasının təkcə Misir tərəfindən deyil, daha çox ABŞ və İsrailin təşəbbüsü ilə baş verdiyi qənaətindəyəm. Bunun əsas səbəbi Azərbaycanın həm İsrail, həm də qardaş Türkiyə ilə yaxın və balanslı münasibətlərə malik olması, eləcə də bu münasibətlərin normallaşmasında oynadığı vasitəçi roldur.

Digər tərəfdən, Azərbaycan 30 illik münaqişəni uğurla yekunlaşdıraraq regionda sülh və sabitliyin təmin olunmasında nümunəvi rol oynayıb. Bu baxımdan, Azərbaycanın sülh quruculuğu təcrübəsi Yaxın Şərqdəki oxşar təşəbbüslər üçün faydalı model kimi qiymətləndirilir. Ona görə də Azərbaycan Prezidentinin bu sammitdə iştirakı formal deyil, əksinə, məzmunlu və əhəmiyyətli iştirak kimi dəyərləndirilməlidir".