"Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək inkişafı baxımından strateji xarakter daşıyır. Bu layihə həm geosiyasi, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya aspektlərindən regionda yeni reallıqlar formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün bu dəhlizin açılması həm strateji baxımdan tarixi ədalətin bərpası, həm də iqtisadi baxımdan yeni imkanların qapısının açılması deməkdir: "Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, beləliklə, ölkənin ərazi bütövlüyü faktiki olaraq tam bərpa olunacaq. Bu, həm də türk dünyasının quru yolla birləşməsi, yəni Orta Asiyadan Türkiyəyə uzanan vahid nəqliyyat xəttinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də bütün Türk Dövlətləri Təşkilatı üçün strateji layihə sayılır. İqtisadi nöqteyi-nəzərdən, dəhlizin açılması regiondakı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Bu yol vasitəsilə Azərbaycan, Türkiyə, İran, Mərkəzi Asiya ölkələri, eləcə də Avropa arasında daha qısa və təhlükəsiz nəqliyyat əlaqəsi yaranacaq. Belə bir marşrut beynəlxalq logistika sistemində yeni bir alternativ yol kimi çıxış edəcək və Azərbaycanın tranzit ölkə rolunu gücləndirəcək.
Geosiyasi baxımdan isə Zəngəzur dəhlizi Cənubi Qafqazda balansı dəyişdirən amildir. Bu layihə regionun qapalı, qarşıdurma mühitindən çıxaraq əməkdaşlıq və qarşılıqlı asılılıq mühitinə keçməsini təmin edə bilər. Əgər Ermənistan bu dəhlizin açılmasında konstruktiv mövqe tutsa, ölkə iqtisadi blokadadan qurtulacaq, regional inteqrasiyada iştirak imkanı qazanacaq. Lakin bu gün Ermənistanın tərəddüdlü davranışı göstərir ki, hələ də bəzi xarici qüvvələrin təzyiqi altında qərar verir. Azərbaycan isə bu məsələdə prinsipial və ardıcıl mövqe nümayiş etdirir. Rəsmi Bakı dəhlizin açılmasını təkcə iqtisadi məsələ kimi deyil, həm də sülh və regional sabitlik amili kimi qiymətləndirir. Zəngəzur dəhlizi reallaşdığı halda, regionda nəqliyyat və enerji əməkdaşlığının yeni mərhələsi başlayacaq və bu, Cənubi Qafqazın qlobal əhəmiyyətini daha da artıracaq. Zəngəzur dəhlizi Azərbaycan üçün strateji layihə olmaqla yanaşı, həm də regionda sülhün, sabitliyin və iqtisadi inkişafın əsas təməl daşlarından birinə çevriləcək".