Tacikistanın paytaxtı Düşənbə şəhərində cari ilin oktyabrın 10-da baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının nitqi göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və dostluq əlaqələrinin inkişafına aparıcı töhfə verir. Bu çıxış yalnız diplomatik təşəkkürlərlə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın MDB məkanında artan nüfuzunun, mədəni və humanitar sahələrdəki təşəbbüslərinin aydın ifadəsi oldu. Prezident Cənab İlham Əliyev çıxışına ev sahibi Tacikistana təşəkkür edərək başladı. O, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəni inkişaf etdirmək istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Düşənbənin son illərdə keçdiyi inkişaf yolu xüsusilə vurğulandı. Bu, Azərbaycan və Tacikistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bir nümunəsi olaraq təqdim edildi. Tacikistanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olması, ümumilikdə MDB məkanında Azərbaycanın açıq və konstruktiv əməkdaşlıq siyasətini təsdiqləyir. Prezident Cənab Əliyev çıxışında bu istiqamətdəki iradəsini bir daha nümayiş etdirdi. Prezident Cənab İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri MDB məkanında humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı çağırışlar idi. Prezident bu əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Azərbaycanın bu sahədə atdığı addımlar da xüsusi yer tutdu. 2024-cü ildə Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi, humanitar inteqrasiyanın praktiki təzahürü kimi göstərildi. İlham Əliyev bu qərarı dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürünü bildirdi. Qeyd edək ki, Laçın şəhəri uzun illər Ermənistanın işğalı altında qalmış, lakin 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı. Qısa zamanda həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində şəhər öz mədəni kimliyini və tarixi irsini yenidən bərpa etməyə başlayıb. MDB-nin mədəniyyət paytaxtı statusu isə bu prosesi beynəlxalq səviyyədə tanıtmış oldu. Prezident İlham Əliyevin çıxışında vurğulanan digər önəmli sahə isə idman və gənclərlə bağlı əməkdaşlıq idi. Cari ilin sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın Gəncə şəhərində keçirilən III MDB Oyunlarının uğurla başa çatması, bu sahədəki əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirildi. 1600-dən çox idmançının iştirak etdiyi bu yarışlar təkcə idman tədbiri olmaqdan əlavə, MDB gənclərinin bir araya gəldiyi, bir-birini daha yaxından tanıdığı bir platformaya çevrildi. Azərbaycanın altı müxtəlif şəhərində keçirilən yarışlar ölkənin idman infrastrukturu və təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın MDB daxilində təkcə passiv iştirakçı deyil, eyni zamanda təşəbbüskar və strateji tərəfdaş olduğunu göstərdi. İstər humanitar, istər mədəniyyət, istərsə də gənclərlə bağlı sahələrdə irəli sürülən təşəbbüslər, Azərbaycanın təşkilat daxilində oynadığı rolun dinamik xarakterini ortaya qoydu. Azərbaycan regionun geosiyasi xəritəsində getdikcə daha əhəmiyyətli mövqe tutur.
Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq regionumuzda kommunikasiyaların açılması sülh, təhlükəsizlik, sabitlik, firavanlıq və qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq. Bu da investisiyaların cəlb edilməsi və davamlı inkişaf deməkdir. Hazırlanmış kommunikasiya layihələri öz növbəsində regionun gələcək nəqliyyat və enerji xəritəsini, eləcə də bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını formalaşdırır. Bütün bunlar təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyanın dənizə çıxışı olmayan dövlətləri üçün əlverişli şərait yaradır. Tacikistan da Cənubi Qafqaz ərazisindən istifadə edərək Avropa bazarları ilə daha sərfəli əlaqə yarada bilər.
Cənab Prezident İlham Əliyevin çıxışı MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi, dostluq və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi istiqamətində vacib siyasi mesaj oldu. Azərbaycan bu gün regionda dayanıqlı inkişafın və sülhün təmin olunması yolunda aparıcı rola malikdir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri