Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri davam edir. QMİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nümayəndə heyətinin səfər çərçivəsində Vaşinqtonda, Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü olub.
Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfindən paraflanan sülh sazişindən sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, ölkəmizin nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyasdakı önəmi, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.
Şeyxülislam A.Paşazadə Prezident Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişinin icrasının dayandırılmasını yüksək qiymətləndirərək, buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə keçirdiyi görüş haqqında məlumatlandırıb, qarşı tərəfi Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya uyğun deyil.
ABŞ nümayəndələrinin diqqətinə çatdırılıb ki, son vaxtlar erməni kilsəsi və diasporu sülh prosesinə mane olur, revanşizmi təşviq edir. Halbuki onlar bu fürsətdən istifadə edib sülhə dəstək vermək üçün dini və ictimai qurumlar siyasətçiləri dəstəkləməlidirlər. Azərbaycan isə bəzi erməni dairələrindən, xüsusilə erməni kilsəsindən fərqli olaraq, məhz bu cür yanaşma nümayiş etdirir.
Tərəflər xüsusilə mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması üçün xalqlar və dinlər arasında qarşılıqlı etimad və əməkdaşlığın vacibliyini vurğulayıblar. ABŞ tərəfi bu kontekstdə şeyxülislam Allahşükür Paşazadənin səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Şeyxülislam bildirib ki, rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi sülhün və birgəyaşayışın təşviqi istiqamətində səylərini davam etdirəcək, həmçinin ABŞ-ın dini qurumları ilə birgə layihələrin həyata keçirilməsinə hazırdır.
Görüşdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə ölkəmizdə mövcud olan multikultural mühitdən və dövlət-din münasibətlərinin inkişafında parlamentin rolundan danışıblar.