Bazar ertəsi, oktyabrın 13-də Çinin Sədri Si Cinpin Pekində keçirilən qlobal qadın sammitində qadınların siyasətdə və hökumətdə daha çox təmsil olunması ilə bağlı çağırış edib. O, bu addımın cəmiyyətdə gender bərabərliyini daha çox təmin edəcəyini bildirib. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, BMT-nin Qadınlar Təşkilatı ilə birgə keçirilən ikigünlük “Qlobal liderlərin qadınlar üzrə vizyonu” mövzusunda sammit gender bərabərliyi və qadınların hərtərəfli inkişafını, onların ictimai-siyasi həyatda daha fəal iştirakını vurğulayır.
Si Cinpin qeyd edib ki, ölkələr qadınların siyasətdə və qərar qəbuletmə prosesində iştirak etmələri üçün kanalları genişləndirməli, onların milli və sosial idarəçiliyə daha geniş cəlb olunmasını təşviq etməlidir. O əlavə edib ki, sülh və sabitlik qadınların hərtərəfli inkişafı üçün ilkin şərtlərdir.
Sammitdə vurğulanıb ki, Çində ali təhsil alan tələbələrin təxminən 50%-i və ümumi məşğul əhalinin təxminən 43%-i qadınlardan ibarətdir.
BMT 2023-cü ildə Çinə qadınların hökumətdə bərabər təmsilçiliyini sürətləndirmək üçün qanuni kvota və gender pariteti sistemini qəbul etməyi tövsiyə edib. Çinin Sədri bu kontekstdə qadınların kritik rola malik olduğunu, əhalinin sürətlə qocalması və doğum nisbətinin rekord dərəcədə azalması fonunda yeni ailə tendensiyasının aktuallığını qeyd edib. Onun sözlərinə görə, qadınların inkişafı həm də “ailə harmoniyası, ictimai ahəngdarlıq, milli inkişaf və tərəqqi” ilə bağlıdır.