"Neftdənkənar sektorun inkişafı Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır. İqtisadçı ekspertlərin fikrincə, düzgün iqtisadi siyasət və davamlı islahatlar nəticəsində bu sektorun gücləndirilməsi ölkəni enerji resurslarından asılılıqdan xilas edə və tam iqtisadi müstəqilliyə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir iqtisadiyyatını şaxələndirmək, yəni neftdən asılılığı azaltmaq istiqamətində ardıcıl addımlar atır. Neft gəlirləri ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olsa da, dünya enerji bazarlarında qiymətlərin dəyişməsi iqtisadi sabitliyə müəyyən risklər yaradır. Buna görə də qeyri-neft sektorunun inkişafı milli iqtisadi təhlükəsizliyin əsas təminatçısı hesab olunur: "Son illərdə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat-logistika və emal sənayesi kimi sahələrdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Aqrar sahədə məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təmin olunması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. İKT sektorunda “Rəqəmsal Azərbaycan” strategiyası çərçivəsində startapların və innovativ layihələrin dəstəklənməsi ölkənin texnoloji potensialını artırır. Turizm sahəsinin inkişafı isə həm valyuta gəlirlərini çoxaldır, həm də regionlarda sahibkarlığın və məşğulluğun artmasına təkan verir. İqtisadi müstəqillik yalnız maliyyə azadlığı ilə ölçülmür. Bu anlayış həm də ölkənin texnoloji, istehsal və institusional müstəqilliyini əhatə edir. Yəni, Azərbaycan daxili istehsal gücünü, ixrac potensialını və innovasiya imkanlarını artırmaqla xarici bazarlardakı dəyişikliklərdən daha az asılı vəziyyətə düşəcək.
Bununla belə, tam iqtisadi müstəqilliyə nail olmaq üçün bir sıra vacib məsələlərə diqqət yetirilməlidir. İnsan kapitalının inkişafı, təhsilin müasir tələblərə uyğunlaşdırılması, sahibkarlıq mühitinin daha da sadələşdirilməsi, kiçik və orta biznesə dəstəyin artırılması, eləcə də ixracyönümlü siyasətin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Ümumilikdə, neftdənkənar sektorun inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının əsas hədəfidir. Bu sahədə aparılan islahatlar və yaradılan yeni imkanlar ölkənin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanı regionda rəqabətədavamlı, dayanıqlı və innovasiyaya əsaslanan iqtisadi modelə çevirə bilər.