"Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir"

12 Oktyabr 2025 18:54 (UTC+04:00)

Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı, daha sonra qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edildi. Beləliklə, bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirildi. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrildi.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı deyib.

İ.Kərimov bildirib ki, toplantının bu il ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox önəmlidir: "Çünki bu il biz Konstitusiyamızın 30 illiyini və ərazi bütövlüyümüzün bərpa olunmasının 5 illiyini qeyd edirik. Bu, bir daha bizə xatırladır ki, ədalət yalnız qanunun tələbi deyil, bu, müstəqilliyin, bizim millət olaraq birliyimizin əsasıdır.

Bu gün bütün dünyada ədalət mühakiməsi əvvəllər olmadığı qədər bizdən əməkdaşlığı tələb edir. Yalnız biz səylərimizi birləşdirərək, bütün limitləri aşaraq bu amallara töhfə verə bilərik. Buna görə də əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir. Yarım əsrdən artıq olan müddət ərzində Beynəlxalq Hakimlər Assosiasiyası öz toplantılarını keçirir və ədalət mühakiməsinin bütün dünyada daha da təkmilləşdirilməsinə xidmət edir. Bu, o cümlədən hakimlər arasındakı dialoqu daha da genişləndirməyi, məhkəmə hakimiyyətinin müstəqilliyini daha da təmin etməyi və ədalətin, qanunun aliliyinin ən ümdə bir prinsip kimi hər zaman vacib saxlamağı qeyd edir. Bu gün dünya bir tarixi yolayrıcında dayanır. Burada bir tərəfdən yeni, lakin eyni zamanda mürəkkəb çağırışlar dayanır. Biz mövcud reallığa uyğunlaşmalıyıq. Baxmayaraq ki, bu dəyərlər dəyişməz olaraq qalır. Heç vaxt olmadığı qədər əlimizdən gələni etməliyik ki, ədalət öz mənasını tam şəkildə təmin edə bilsin. Texnologiya və süni zəka bu gün bizim idarəçilik işlərimizə yeniliklər gətirir. Bugünkü məhkəmə hakimiyyəti beynəlxalq hüdudları keçən məsələlərə də öz töhfəsini verməlidir. Burada iqlim dəyişiklikləri və digər bu kimi fenomenlər bizim üzərimizə ortaq məsuliyyət qoyur. COP29-un Sədri kimi Azərbaycan iqlim fəaliyyətinə möhkəm sadiqliyini bir daha təsdiqlədi. Ona görə də bizim bu gün hakimlərimiz də öz fəaliyyətində təbiətin qorunmasının vacibliyini nəzərə alaraq həmin yaşıl keçid prinsiplərinə sadiq qalırlar. Beləliklə biz öz missiyamızı daha da genişləndiririk və qlobal çağırışlara qarşı tədbirlər görürük. Bizim Assosiasiyamızın da qarşısında dayanan vəzifələr vacibdir. Ona görə də hakimlər qarşısında dayanan dəyərlərin dinamik bir əhəmiyyəti var. Dialoq və beynəlxalq anlaşma bu baxımdan olduqca vacibdir. Buna görə də biz çox fərəhlənirik ki, Beynəlxalq Hakimlər Assosiasiyanın bir hissəsi olan Azərbaycan Hakimlər İttifaqı əməkdaşlığın və qarşılıqlı anlaşmanın dərinləşməsinə, dostlarımız arasında iş birliyinin qurulmasına töhfə verir. Bu tərəfdaşlıq əsasında bizim hakimlər zəngin təcrübə qazanıb, öz peşəkar bacarıqlarını daha da genişləndirib, o cümlədən etik və digər mühüm dəyərlər ətrafında biliklərini bölüşüblər. Bu gün hakimlər öz fəaliyyətində etik dəyərləri vacib hesab edirlər və onları ali saxlayırlar. Hakimlər olaraq bundan sonra da çalışacağıq ki, gənc hakimlər nəslini formalaşdıraq, onları bu kimi düzgün dəyərlərə istiqamətləndirək. Hesab edirik ki, yeni dövlətlərin ailəmizə üzv kimi qəbul olunması bizim icmamızın təməlini daha da möhkəmləndirir. Azərbaycan fəal şəkildə bu yolda tərəqqi, ədalət naminə öz dəstəyini davamlı şəkildə verəcək".