Lukaşenko ordunun döyüş hazırlığının yoxlanılmasını əmr edib...

12 Oktyabr 2025 22:04 (UTC+04:00)

...Belarus prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordunun ən yüksək hazırlıq səviyyəsinə gətirilməsinə göstəriş verib.

SİA xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Belta məlumat yayıb.

Nazirlikdən bildirilib ki, döyüşə hazırlığın yoxlanılması çərçivəsində ordunun bir neçə bölməsi tərəfindən müəyyən edilmiş ərazilərə çıxarılması və əmrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi daxil olmaqla, bir sıra tədbirlər həyata keçiriləcək.

Qeyd olunur ki, Belarus ordusunun hazırlıq yoxlaması Respublika Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin nəzarəti altında başlayıb.

Xatırladaq ki, Lukaşenko bir gün əvvəl MDB-nin Düşənbədə keçirilən sammitində iştirak edib və orada gözlənilmədən SSRİ-nin bərpasının mümkünsüzlüyünü bəyan edib.

Bundan əvvəl Belarus lideri bəyan etmişdi ki, ölkəsi “müharibəyə çəkilərsə” bir dövlət kimi yaşaya bilməz.

Onun sözlərinə görə, Belarusun özünəməxsus yolu var.

Əli Babayev