Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirilib

12 Oktyabr 2025 15:32 (UTC+04:00)

Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib. Azərbaycan Triatlon Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və yeniyetmə idmançı mübarizə aparıb.

Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr velosiped və 5 kilometr qaçış) çıxış ediblər.

Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş, Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.

Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara Maresçova 2-ci yeri tutub.

Qaliblərə medallar və pul mükafatı verilib.