Oktyabrın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi üzv dövlətlərin səfirlikləri ilə birgə üçüncü “Avropa təamları” kulinariya festivalını keçirib.
Açıq havada keçirilən tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirmək olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, xaricdən Azərbaycana gələnlərin ölkəmizin kulinariya ənənələrinə və qonaqpərvərliyinə heyran olduqlarını bildirən Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius deyib: “Biz Bakıda üçüncü dəfə “Avropa təamları” kulinariya festivalını keçirməyə məmnunuq. Hər kəsi Avropa ölkələrinin kulinariya aləminə təşkil etdiyimiz bu nadir səyahətdə bizə qoşulmağa və təamların unudulmaz ləzzətindən, canlı musiqi proqramından, kulinariya viktorinalarından və daha çox şeylərdən zövq almağa dəvət edirik. Əminəm ki, bu yeni mədəni təcrübə sizi Avropa İttifaqı və ona üzv dövlətlər haqqında daha çox öyrənməyə sövq edəcək”.
Tədbir zamanı Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış ediblər.
Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə ustad dərsləri nümayiş etdirilib. Yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxarıblar.
Həmçinin viktorinalar keçirilib, qaliblər digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və ittifaqa 27 üzv ölkədən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət “Avropa təamları” kitabını da əldə edə ediblər. Kitabı, həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin veb-səhifəsindən elektron formada əldə etmək mümkündür.
“Azeri Home Chef” “Facebook” səhifəsi tərəfindən tədbirdən əvvəl təşkil olunmuş Avropa yeməklərinin kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin mükafatlandırma mərasimləri də tədbir zamanı baş tutub. Müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də burada təqdim olunub. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunub.