“Bank hesablarının kibercinayətkarlar tərəfindən ələ keçirilməsi bu gün maliyyə təhlükəsizliyi üçün ən ciddi problemlərdən biridir. Qeyd etmək lazımdır ki, vətəndaşlar öz hesablarını qorumaq üçün həm texniki, həm də davranış səviyyəsində diqqətli olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Famil Niftiyev bildirib.
Onun sözlərinə görə, əvvəla heç bir şəraitdə bank kartının nömrəsini, CVV kodunu, SMS-lə gələn təsdiq kodlarını və ya şifrəni heç kimlə bölüşmək olmaz: "Bu məlumatlar yalnız kart sahibinə məxsusdur. Bank əməkdaşları belə bu məlumatları telefonda və ya mesaj vasitəsilə istəmir.
İkinci vacib məsələ təhlükəsiz parollardır. İnsanlar çox vaxt sadə və asan təxmin edilə bilən parollardan istifadə edirlər ki, bu da hücumları asanlaşdırır. Hər hesab üçün fərqli, mürəkkəb və uzun parol seçilməli, həmçinin iki mərhələli doğrulama (2FA) aktiv edilməlidir.
Daha bir vacib məqam internet və mobil bankçılıqda təhlükəsizlikdir. Tətbiqlər yalnız bankın rəsmi saytından, yaxud Play Store və App Store-dan yüklənməlidir. Şübhəli linklərə daxil olmaq, e-poçt və ya SMS vasitəsilə göndərilən “hesabınız bağlanıb” və ya “məlumatlarınızı yeniləyin” tipli mesajlara inanmaq olmaz.
İctimai Wi-Fi şəbəkələrində bank əməliyyatı aparmaq çox risklidir, çünki bu şəbəkələrdə məlumatlar oğurlana bilər. Hesabların mütəmadi yoxlanması, SMS və e-poçt bildirişlərinin aktivləşdirilməsi şübhəli əməliyyatlara vaxtında reaksiya verməyə imkan yaradır.
Texniki baxımdan da təhlükəsizlik tədbirləri görülməlidir. Telefon və kompüterlərdə antivirus proqramları quraşdırılmalı, əməliyyat sistemləri və tətbiqlər daim yenilənməlidir. Köhnə proqram versiyalarında olan boşluqlardan kibercinayətkarlar tez-tez istifadə edirlər.
Eyni zamanda, maliyyə savadlılığı və kibertəhlükəsizlik bilikləri hər bir vətəndaş üçün zəruridir. İnsanlar bilməlidirlər ki, öz bank hesablarını qorumaq təkcə şəxsi məsələ deyil, ümumi maliyyə sabitliyinə təsir edən amildir.
Nəticə etibarilə, bank hesablarının kibertəhlükəsizliyini təmin etmək üçün əsas amil diqqət, savad və məsuliyyətdir. Fırıldaqçılar çox vaxt sıravi vətəndaşları hədəf alır, çünki onlar daha etibarsız davranırlar. Öz maliyyə təhlükəsizliyimizi qorumaq həm şəxsi rifahın, həm də ölkənin maliyyə sabitliyinin vacib şərtidir”.
Müəllif: İlkin Məmmədkərimov