Prezident İlham Əliyevin Düşənbə çıxışı: Regional əməkdaşlıqda yeni mərhələnin siyasi mesajları - MƏQALƏ

11 Oktyabr 2025 11:43 (UTC+04:00)

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclası regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin iclasda səsləndirdiyi fikirlər təkcə MDB məkanında deyil, həm də daha geniş Avrasiya məkanında baş verən geosiyasi proseslərin dərin təhlilinə əsaslanırdı. Dövlət başçımızın çıxışı regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və sülh gündəliyinin reallaşdırılması kimi prioritet məsələlərə strateji yanaşmanın nümunəsi oldu.

2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident İlham Əliyevin çıxışı təkcə regional əməkdaşlıq istiqamətlərini deyil, həm də Azərbaycanın çoxtərəfli diplomatiyasının strateji dərinliyini nümayiş etdirdi. Dövlət başçımızın Tacikistan xalqına və Prezidentinə ünvanladığı təbrik sözləri ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin səmimiliyini bir daha təsdiqlədi. Dövlət başçımız Düşənbənin son illərdə sürətlə inkişaf etməsini, şəhərsalma və infrastruktur sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayaraq Tacikistanın iqtisadi-sosial dirçəlişini yüksək qiymətləndirdi.

Bu yanaşma, Azərbaycan Respublikası Prezidentinin regiondakı tərəfdaş ölkələrin müstəqil inkişafını dəstəkləyən, qarşılıqlı hörmətə və bərabərliyə əsaslanan siyasətinin göstəricisidir. Azərbaycan və Tacikistanın münasibətləri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, eyni tarixi, mədəni və mənəvi dəyərlər dövlətlərimizi birləşdirir. Bu baxımdan, Cənab Prezidentin çıxışı MDB məkanında dostluq və əməkdaşlıq ruhunun qorunub saxlanması və gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj idi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Tacikistan-Azərbaycan münasibətləri bu gün qarşılıqlı etimad və səmərəli əməkdaşlıq üzərində qurulub. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, iqtisadi, energetika, humanitar və təhsil sahələrində əlaqələr ardıcıl şəkildə genişlənir. Bu, regionda siyasi sabitliyin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi üçün önəmli amildir.

Dövlətimizin xarici siyasətinin əsas prinsiplərindən biri, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlərin formalaşdırılmasıdır. Tacikistanla münasibətlərin inkişafı da bu strategiyanın tərkib hissəsidir. Prezident İlham Əliyevin çıxışında bu istiqamətin vurğulanması göstərir ki, Bakı ilə Düşənbə arasında əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyub — bu mərhələ konkret iqtisadi layihələr, investisiya təşəbbüsləri və mədəni mübadilələrin intensivləşməsi ilə xarakterizə olunur.

Dövlətimizin başçısının çıxışının ən diqqətçəkən məqamlarından biri Laçın şəhərinin MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkür idi. Möhtərəm Prezidentin sözlərindən aydın olur ki, bu qərar təkcə mədəniyyət sahəsində deyil, həm də siyasi mənada mühüm simvolik məna daşıyır.

Ermənistanın 30 illik işğalından azad edilən Laçın bu gün bərpa və dirçəlişin, sülh və quruculuğun rəmzinə çevrilib. Laçında keçirilən MDB Mədəniyyət Paytaxtı İlinin açılış mərasimi Azərbaycan xalqının öz doğma torpaqlarına dönüşünün qürurunu və mədəni irsə sadiqliyini bir daha nümayiş etdirdi.

Beləliklə, Laçının bu statusu Azərbaycanın postmüharibə dövründə əldə etdiyi bərpa və inkişaf nailiyyətlərinin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhəri Gəncədə və ölkəmizin daha altı şəhərində keçirilmiş III MDB Oyunlarını da xüsusi qeyd etdi. Bu beynəlxalq idman tədbiri Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin daha bir nümunəsidir.

Oyunlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı, tədbirin yalnız idman deyil, həm də mədəniyyət və dostluq bayramına çevrildiyini göstərdi. Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Yevlax, Şəki və azad olunmuş Xankəndi şəhərlərində yarışların təşkili Azərbaycanın bərpa prosesinin miqyasını, sülh və birgəyaşayış siyasətinin praktiki təzahürünü nümayiş etdirdi.

Cənab Prezidentin bu fikirləri göstərir ki, Azərbaycan MDB çərçivəsində siyasi vəiqtisadi ilə yanaşı, həm də humanitar inteqrasiyanın fəal təşəbbüskarıdır. MDB Oyunları kimi tədbirlər birliyə daxil ölkələr arasında qarşılıqlı hörmət və etimadı möhkəmləndirir, xalqlar arasında dostluq münasibətlərini daha da gücləndirir.

Düşənbədə səsləndirdiyi çıxışla Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan regional əməkdaşlığın və sülhün möhkəmləndirilməsində aktiv və prinsipial mövqeyə malikdir. Onun nitqi MDB çərçivəsində həm siyasi dialoqun, həm də iqtisadi və humanitar əlaqələrin dərinləşməsi üçün aydın istiqamətlər müəyyənləşdirdi.

Azərbaycanın bu platformadakı fəallığı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, artıq təkcə milli maraqlara deyil, həm də regional sabitlik və rifaha xidmət edir. Düşənbə çıxışı, Azərbaycanın MDB məkanında müasir inteqrasiya proseslərinin aparıcı iştirakçısı və təşəbbüskarı kimi rolunu daha da möhkəmləndirdi.

Bu çıxış MDB çərçivəsində inteqrasiyanın gələcək inkişafı, üzv dövlətlər arasında iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyanın gücləndirilməsi baxımından həm analitik, həm də strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Düşənbədə səsləndirdiyi tezislər Azərbaycanın regional siyasətinin əsas vektorlarını bir daha nümayiş etdirərək, ölkəmizin praqmatik və konstruktiv diplomatiyasının bariz göstəricisinə çevrildi.

Ziyafət Əsgərov

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini