Dərsliklərin keyfiyyəti ilə bağlı ictimai müzakirələr yenidən gündəmə gəlib. Elm və Təhsil Naziri Emin Əmrullayevin fikrincə, xüsusilə tarix və biologiya dərsliklərinin dili şagirdlərin yaşına uyğun deyil və beynəlxalq standartlara cavab vermir. Nazir həmçinin dərsliklərin tərtibatında ciddi dəyişikliklərin vacibliyini vurğulayıb. Bəs, bu dəyişikliklər şagirdlərin təhsilinə nə qədər təsir edə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son günlər təhsil sahəsində, xüsusilə dərsliklərlə bağlı ciddi ictimai müzakirələr başlayıb: “Bəzi dərsliklər artıq müasir tələblərə cavab vermir. Texnologiyanın bu qədər əlçatan olduğu bir dövrdə – smartfon, planşet, kompüter kimi vasitələr hər kəsin əlində olduğu halda – şagirdlər dərsliyə alternativ informasiya mənbələrinə daha çox yönəlirlər. Bu da dərsliklərin yenilənməsinin, daha interaktiv, vizual və analitik yönümlü hazırlanmasının zəruriliyini gündəmə gətirir. Digər tərəfdən, müasir pedaqoji yanaşmalar da göstərir ki, sadəcə məlumat ötürən deyil, təfəkkür formalaşdıran, təhlil qabiliyyətini inkişaf etdirən, şagirdin iştirakını stimullaşdıran dərsliklərə ehtiyac var. Bu baxımdan dərsliklərin sadəcə mətnlə dolu olması kifayət deyil. Onlar vizual materiallarla, interaktiv tapşırıqlarla, real həyatdan nümunələrlə zənginləşdirilməlidir. Bu, yalnız şagirdlərin dərsə marağını artırmaz, həm də onların bilikləri daha effektiv mənimsəməsinə səbəb olar.
Dərsliklərin təkcə məzmun deyil, həm də format baxımından yenilənməsi vacibdir. Rəqəmsal dərsliklərin hazırlanması, onlara multimedia elementlərinin inteqrasiyası, müəllim və şagirdlər üçün uyğun platformaların yaradılması artıq gecikdirilməməli olan məsələlərdəndir. Eyni zamanda, dərsliklərin elmi və metodoloji baxımdan təkmilləşdirilməsi, səhvlərin aradan qaldırılması, dilin sadə, anlaşılan və yaş səviyyəsinə uyğunlaşdırılması da xüsusi diqqət tələb edir.
Unutmaq olmaz ki, dərslik təkcə bilik ötürən vasitə deyil, həm də şagirdlərin dünyagörüşünü formalaşdıran, onları şəxsiyyət kimi yetişdirən əsas alətlərdən biridir. Bu baxımdan, dərsliklərin məzmununa ideoloji yanaşma da diqqətli və balanslı şəkildə həyata keçirilməlidir”.
Müəllif: Arzu Qurbanlı