“Uzunmüddətli sabitliyin açarı yerli istehsalın artırılmasından keçir“ - DEPUTAT DANIŞDI

10 Oktyabr 2025 17:04 (UTC+04:00)

“Qiymət artımının səbəbləri müxtəlifdir. Qlobal bazarlarda baş verən proseslər, daşınma xərclərinin artması, iqlim dəyişiklikləri və bəzi hallarda süni qiymət manipulyasiyaları daxili bazara da təsirsiz ötüşmür. Bununla yanaşı, pandemiyadan sonra formalaşan iqtisadi gərginlik və regionda geosiyasi risklər ərzaq bazarlarında sabitliyi çətinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dövlət bu sahədə qiymət artımının qarşısını almaq üçün bir sıra tədbirlər görür: idxal rüsumlarının azaldılması, süni qiymət artımına qarşı nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı subsidiyalarının artırılması və strateji ehtiyatların qorunması kimi addımlar bu istiqamətdə atılan mühüm qərarlardandır: “Bununla belə, uzunmüddətli sabitliyin açarı yerli istehsalın artırılmasından keçir. Ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın azaldılması üçün kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, fermerlərin dəstəklənməsi və emal sənayesinin inkişafı vacibdir. Öz daxili istehsal gücünü artıran ölkə həm qiymət dalğalanmalarına qarşı daha dayanıqlı olur, həm də bazarını daha ədalətli qaydada tənzimləyə bilir. Deməli, bu gün ən əsas məsələ təkcə qiymət artımına reaksiya vermək deyil, onun kökündə dayanan səbəbləri aradan qaldırmaqdır. Güclü kənd təsərrüfatı və dayanıqlı daxili bazar — sabit qiymətlərin və sosial rifahın yeganə təminatıdır”.