"Azərbaycan dövləti Vətən müharibəsindən xeyli əvvəl Böyük Qayıdış proqramı hazırlamışdı" - ŞƏRH EDİLDİ

10 Oktyabr 2025 15:22 (UTC+04:00)

"Azərbaycan dövləti hələ Vətən müharibəsindən xeyli əvvəl Böyük Qayıdış proqramı hazırlamışdı. Orada torpaqların işğaldan azad olunandan sonra görüləcək işlər təfsilatı ilə yazılmışdı. Düzdür, 44 günlük müharibədən sonra məlum oldu ki, dağıntılar, var-varlıq gözlədiyimizdən də qat-qat ağırdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ancaq Azərbaycan dövləti addım-addım bu ağır problemlərin həllinə girişdi. Torpaqlarımız minalardan təmizlənməyə başladı, kommunikasiyalar çəkildi, yeni yaşayış məntəqələri salındı və görülən iş bundan ibarətdir ki, bu gün işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri gedir: "İnsanlar böyük həvəslə doğma dədə-baba torpaqlarına qayıdırlar. İnsanlara dövlət hesabına mənzillər verilir, eyni zamanda bir tərəfdən dövlətin dəstəyi ilə müəssisələr açılır, sahibkarlıq dəstəklənir. Keçmiş məcburi köçkünlərin özlərinin biznes fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaradılır.

Artıq 20 minə qədər keçmiş məcburi köçkün öz torpaqlarına qayıdıb. Ümumilikdə həmin torpaqlarda 50 minə qədər insan yaşayır, işləyir və bu say durmadan artacaq. Elə bir gün yoxdur ki, insanların öz yaşayış məntəqələrinə qaytarılması ilə bağlı məlumat mətbuatda dərc olunmasın. Bütün bu işlər cənab Prezidentin nəzarəti altındadır. Onun özü vaxtaşırı işğaldan azad olunmuş ərazilərə gedir, proseslərə şəxsən nəzarət edir və onun təcrübəsi, dünya görüşü, həmçinin uzaqgörənliyi yeni yaşayış məntəqələrinin ən müasir formada salınmasına, insanların o torpağa daha çox bağlanmasına səbəb olur. Azərbaycan xalqı bir daha göstərdi ki, biz yaradıcı xalqıq və torpaqlarımızın əbədi sahibiyik".