III MDB Oyunlarında avtobuslarla daşınan idmançı və nümayəndə heyətinin sayı açıqlanıb

10 Oktyabr 2025 15:15 (UTC+04:00)

Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, 24 sentyabr – 9 oktyabr tarixlərində 189 reys həyata keçirilib, 4056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.

Qeyd edək ki, ölkəmizə gələn qonaqların həm Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması üçün 40 avtobus cəlb edilib. Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. Yarışların keçirildiyi günlərdə həmin avtobuslarla şəhərdaxili daşımalarda 4055 reys həyata keçirilib, 17 min 792 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.

Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.