MDB çərçivəsində yeni əməkdaşlıq formatı – “Müstəqil Dövlətlər Birliyi- plyus” yaradılıb. Müvafiq qərar MDB Dövlət Başçıları Şurasının oktyabrın 10-da Düşənbədə keçirilən iclasında qəbul edilib. SİA MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu format Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
“Müstəqil Dövlətlər Birliyi-plyus” MDB ölkələri ilə digər dövlətlər, onların birlikləri, Birliklə bağlı qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin qurulmasında maraqlı olan beynəlxalq təşkilatlar arasında əməkdaşlıq platformasına çevriləcək.
Qərar əsasında Birliyin himayəsi altında keçirilən tədbirlərdə maraqlı tərəflərin dəvət edilməsi və iştirakının formatı, maraq doğuran sahələrdə əməkdaşlıq üçün müraciətlərə baxılması qaydası müəyyən ediləcək.
Xüsusilə, Birliyə sədrlik edən dövlət MDB İcraiyyə Komitəsi ilə məsləhətləşərək və üzv ölkələrin etirazı olmadıqda, maraqlı dövlətləri, onların birliklərini, beynəlxalq təşkilatları MDB-nin ali orqanlarının Müstəqil Dövlətlər Birliyinin himayəsi altında keçirilən tədbirlərə, qapalı olmayan iclaslara dəvət edə biləcək.
Dövlət Başçıları Şurası MDB İcraiyyə Komitəsinə “Müstəqil Dövlətlər Birliyi-plyus” formatının yaradılması barədə BMT Katibliyinə və digər aidiyyəti beynəlxalq təşkilatların icra orqanlarına məlumat verməyi tapşırıb.