Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib - YENİLƏNİB

10 Oktyabr 2025 13:58 (UTC+04:00)

Oktyabrın 10-da Təzəpir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub. Qeyd edib ki, onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda yaşayacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini deyib.

Mərasimdə mərhumun sənət dostları — Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Əməkdar artist Brilyant Dadaşova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əminə Yusifqızı ilə bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, Əminə xanım həm böyük sənətkar, həm də səmimi və mehriban insan idi. Onun səsi, ifası və yaradıcılığı xalqımızın yaddaşında dərin iz buraxıb.

Bildirilib ki, Əminə xanım xalqımızın sevgisini qazanmış nadir sənətkarlardandır. Onun şeirləri və yaradıcılığı hər kəsin yaddaşında əbədi qalacaq.

Qeyd edək ki, Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.