Xankəndi şəhərində süni intellektin tətbiqinə dair “Bootcamp” keçirilib

10 Oktyabr 2025 11:40 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində bootcamp keçirilib.“Bootcamp”ın məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, “Bootcamp”da 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradıb.

Proqram çərçivəsində təşkil olunan infotur zamanı iştirakçılar Suqovuşan su anbarına və Xankəndi Tikiş Fabrikinə səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.

İştirakçılar, həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.

“Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, cari ildə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin iştirakı ilə Zəngilan, Xaçmaz, Şamaxı rayonlarında və Xankəndi şəhərində “Bootcamp” təşkil olunub.