"Azərbaycan hər zaman öz milli və dövlətçilik maraqlarını qoruyub" - ŞƏRH EDİLDİ

10 Oktyabr 2025 10:52 (UTC+04:00)

"Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçılarının Şurası iclasında iştirak etmək üçün cənab Prezident İlham Əliyev Tacikistanın paytaxtı Düşənbəyə səfər etdi. Səfər çərçivəsində, təbii olaraq, MDB-yə üzv olan ölkələrin dövlət başçıları ilə görüşlər keçirdi. Xüsusilə Emoməli Rəhmon və Rusiya Prezidenti Vladimir Putinlə çox vacib görüşlər oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu görüşlərin nəticəsində, son dövrlərdə Kəlbəcər istiqamətində yaranmış soyuqluğun səbəbləri və burada Rusiya tərəfinin məsuliyyəti, eləcə də Teymurcay kəndi ilə bağlı hadisələrin bütün detalları cənab Prezident İlham Əliyevin diqqətinə çatdırıldı:

"Bu, vacib məqamlardan biri idi. Azərbaycan 1993-cü ildən MDB-yə üzvdür və bu illər ərzində təşkilatın inkişafında mühüm rol oynayıb. Təbii ki, təşkilatda üzv olmaqla yanaşı, Azərbaycan hər zaman öz milli və dövlətçilik maraqlarını qoruyub, ölkə üçün məqbul olmayan qərarlarda iştirak etməyib. Azərbaycan nə KTMT-nin, nə də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Halbuki digər üzv ölkələrin bir çoxu bu platformalara daxildir. Buna baxmayaraq, iqtisadi, mədəni, humanitar və digər sahələrdə MDB çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlıq siyasəti yürüdülür. Düşünürük ki, bu sammitdə də vacib qərarların qəbul olunmasında Azərbaycan Prezidenti önəmli rol oynayacaq. Bir daha ölkə Prezidentinin və digər respublika prezidentlərinin diqqət mərkəzində olduğu aydın görünürdü.

Bu da onu deməyə əsas verir ki, bu dəfəki sammitdə də Azərbaycanın milli maraqları qətiyyətlə qorunacaq və MDB-nin gələcək fəaliyyəti ilə bağlı qərarların qəbulunda ölkə başçımız mühüm məsələlərə toxunacaq. Azərbaycan bu təşkilatın inkişafına və üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərə öz töhfəsini verəcək".