"Tottenhem”in tanınmış braziliyalı hücumçusu Riçarlinson karyerasını MLS-də davam etdirə bilər. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, futbolçu ilə “Orlando Siti” maraqlanır. ABŞ klubu Riçarlinsonu 2026-cı ilin yayında heyətinə qatmağı planlaşdırır. “Orlando”nun idman direktoru Rikardo Moreyra artıq hücumçunun ətrafı ilə danışıqlar aparıb və onlara klubun layihəsini təqdim edib. Bununla belə, transferin baş tutması çətin görünür, çünki “Tottenhem” 28 yaşlı futbolçunu komandanın əsas oyunçularından biri hesab edir. Riçarlinsonun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri hazırda 20 milyon avro civarında qiymətləndirilir. Braziliyalı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 3 qol və 1 asistlə yadda qalıb.