Türkiyə, Azərbaycan və Gürcüstanın regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyəti digər ölkələr üçün nümunədir. Üç ölkəni tarixi bağlar birləşdirir və münasibətlərin səviyyəsi strateji xarakter daşıyır. SİA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə dair keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Türkiyə paytaxtında keçirilən müzakirələr zamanı ikitərəfli və üçtərəfli əsasda əməkdaşlığın gücləndirilməsinə iradə nümayiş etdirilməsi bir daha vurğulanıb.
Yaşar Gülər qeyd edib ki, son dövrün prosesləri “Cənubi Qafqaz tarixində sülh, sabitlik və əməkdaşlığa əsaslanan yeni bir səhifənin açılacağına” ümidləri möhkəmləndirir.
“Nazirlərin Ankarada keçirilən üçtərəfli görüşünün iştirakçıları müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduqlarını vurğulayıblar ki, bu da regionun dinc gələcəyinə töhfə verir”, – deyə Türkiyə naziri bildirib.
O, Ankaranın Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiq olduğunu xüsusi qeyd edib.
Yaşar Gülər Cənubi Qafqaz regionunu “beynəlxalq təhlükəsizlik balansı və sabitlik baxımından kritik əhəmiyyətə malik adlandırıb”.
“Ankara, Bakı və Tbilisi arasında sıx əməkdaşlıq hər üç ölkənin maraqlarına cavab verir və eyni zamanda regionda sülhə və sabitliyə mühüm töhfə verir”, – deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.
Nazir əlavə edib ki, bu ideya oktyabrın 9-da Ankarada imzalanmış Üçtərəfli Protokolun əsasını təşkil edir.