Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Times Higher Education” (THE) reytinqinin göstəricilərində son bir ildə 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib. Bu barədə SİA-ya universitetdən məlumat verilib.
Agentliyin 2025-2026-cı il reytinq sıralamasında ADNSU ötən illə müqayisədə bir sıra istiqamətlərdə yüksək nəticələr göstərib. Universitet tədqiqat keyfiyyəti göstəricisi üzrə 47 faiz irəliləyərək 10.7-dən 15.7-yə yüksəlib. Eyni zamanda, beynəlxalq perspektiv istiqaməti üzrə 33 faiz (33.5-dən 44.7-yə), sənaye istiqaməti üzrə 22 faiz (16.2-dən 19.7-yə), tədris göstəricisi üzrə 18 faiz (21.1-dən 25-ə) və tədqiqat mühiti göstəricisi üzrə 7 faiz (7.6-dan 8.1-ə) artım qeydə alınıb.
ADNSU bu ilin yanvarında agentliyin açıqladığı reytinq siyahısına əsasən “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqinə” daxil olub. Bundan əlavə, 2024-cü ildə ADNSU “Times Higher Education World University Rankings 2025” (THE Dünya Universitet Reytinqi 2025) siyahısına daxil edilib. Universitet həmin reytinqdə 1501+ yerində qərarlaşıb.
Həmçinin ADNSU ötən il THE agentliyinin ali təhsil üzrə digər kateqoriyası olan “Interdisciplinary Science Rankings 2025” (İnterdisiplinar Elm Reytinqi 2025) siyahısında ilk dəfə yer alıb. THE və “Schmidt Science Fellows” təşkilatının birgə hazırladığı, dünyanın 749 ən yaxşı ali təhsil müəssisəsini əhatə edən bu reytinqdə ADNSU 201–250 diapazonunda qərarlaşıb.
2024-cü ilin əvvəlində isə “Times Higher Education” tərəfindən açıqlanan “THE Impact 2024” reytinqi üzrə nəticələrdə ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri sırasında yer almışdı.
Qeyd olunan uğurların davamı olaraq ADNSU-nun bu il beynəlxalq səviyyədə əldə etdiyi nəticələr yüksək qiymətləndirilir.
“Times Higher Education” ali təhsil müəssisələri haqqında məlumat, təhlil və ekspert rəyləri təqdim edən, həmçinin universitetlərin dünya reytinq siyahısını müəyyən edən aparıcı beynəlxalq reytinq agentliyidir. Universitetin belə nüfuzlu agentliyin reytinqindəki uğuru onun müxtəlif elm sahələrini birləşdirən interdisiplinar tədqiqatlar istiqamətindəki nailiyyətlərinin göstəricisidir.