"2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən Zəfər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu qələbə təkcə hərbi üstünlüyün göstəricisi deyil, eyni zamanda ölkənin siyasi iradəsinin, xalq–dövlət birliyinin və milli ruhunun parlaq təzahürüdür. Zəfər, Azərbaycan dövlətçiliyinin dayanıqlığını və xalqın öz torpaqları uğrunda birləşmək gücünü bütün dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu hadisə milli kimlik və dövlətçilik ideyasını daha da möhkəmləndirdi. 30 ilə yaxın işğal altında olan torpaqların azad olunması xalqın ədalətə, haqqa və tarixi yaddaşına sadiqliyinin sübutu oldu. Zəfər həm də milli həmrəyliyin və rəhbərliyə olan etimadın ən yüksək səviyyəyə çatdığı dövr kimi yadda qaldı: "Bu qələbə Azərbaycanın regional və beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdı və Azərbaycan bu reallığın əsas memarına çevrildi. Həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan balansı müəyyən edən aparıcı güc məhz Azərbaycan oldu. Bu, ölkənin suverenlik prinsipinə əsaslanan xarici siyasət kursunun düzgünlüyünü bir daha təsdiqlədi. Zəfər yalnız hərbi nəticə deyil, həm də strateji baxımdan davamlı inkişaf üçün platforma yaratdı. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri bu gün “Zəfərdən inkişafa” mərhələsinin əsas istiqamətidir. Bu, Azərbaycanın regionda sülh, əməkdaşlıq və inteqrasiya siyasətinə verdiyi real töhfədir. Bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrildi. Türk Dövlətləri Təşkilatının son illərdə artan həmrəyliyində də Azərbaycanın qazandığı bu strateji mövqenin rolu danılmazdır. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfər Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, gələcək nəsillər üçün milli iradə, birlik və qürur simvolu kimi qalacaq".