"Hadrutun alınması Şuşa zəfərinin təməlini qoydu" - HƏRBİ EKSPERT DANIŞDI

9 Oktyabr 2025 16:37 (UTC+04:00)

"Vətən müharibəsində aparılan hər bir gün, hər bir döyüş tarixə yazılmış bir qəhrəmanlıq səhifəsidir. Çünki Azərbaycan Ordusu müasir prinsiplər əsasında inkişaf etdirilərək, ən yeni texnologiyalı silahlarla təchiz olundu və bu da ordunun taktiki yanaşmalarına mühüm təsir göstərdi. Azərbaycan Ordusu artıq köhnə, klassik üsullarla deyil, yeni döyüş taktikaları ilə əməliyyatlar aparmağa başladı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, bu döyüşlərə qədər bütün yeni taktiki yanaşmalar müxtəlif hərbi təlimlərdə sınaqdan keçirilmişdi: "Yeni silahların tətbiqi və onların taktiki imkanlarının öyrənilməsi müharibə strategiyasına da yeni baxış gətirdi. Beynəlxalq hərbi ekspertlər də qeyd edirdilər ki, Azərbaycan Ordusu Vətən müharibəsində 21-ci əsrin tələblərinə cavab verən müharibə aparan ilk ordu kimi tarixə düşdü.

Hər bir yaşayış məntəqəsinin, hər bir ərazinin işğaldan azad olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyırdı. Bu əməliyyatlar arasında Hadrutun azad olunması xüsusi yer tutur. Çünki Hadrut həm strateji mövqeyinə, həm də Şuşaya gedən yolun üzərində yerləşməsinə görə mühüm əhəmiyyətə malikdir. Boş yerə demirlər ki, “Hadrutun azad olunması Şuşaya açılan qapıdır.” Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək hər qarış torpağı addım-addım azad edirdi. Bu prosesdə ordunun ruh yüksəkliyi daha da artır, düşmənin isə inamı tükənirdi. Hadrut uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri həm peşəkarlığını, həm də yüksək döyüş hazırlığını nümayiş etdirdi.

Hər bir uğurlu əməliyyat öncədən qərargahlarda dəqiq planlaşdırılmışdı. Əgər bu planlamalar yüksək peşəkarlıqla aparılmasaydı, belə uğurların əldə olunması da mümkün olmazdı. Qərargahlarda hazırlanan planlar, xəritələr və risk təhlilləri sayəsində əsgərlərin qarşısında yalnız əməliyyat tapşırıqlarını icra etmək qalırdı. Azərbaycan əsgəri təlimlər zamanı döyüş aparmaq üsullarına mükəmməl şəkildə yiyələnmişdi və Hadrutun azad olunması ilə bunu bir daha sübut etdi.

Hadrutun yerləşdiyi ərazi strateji baxımdan olduqca mühümdür — o, şimaldan və cənubdan yollarla əhatə olunub, yüksək mövqelərə nəzarət imkanı verir. Bu yüksəkliklərin ələ keçirilməsi növbəti əməliyyatların uğuru üçün ciddi zəmin yaratdı. Xüsusi təyinatlılarımız və peşəkar komandirlər Hadrutdan Şuşaya doğru irəliləyərək, cəbhənin digər hissələrində də düşməni sıxışdırmaqla onun qüvvələrini bölməyə məcbur etdilər. Beləliklə, Hadrut istiqamətində başlanan hücum Azərbaycan Ordusunun qələbə bayrağının Şuşada sancılması ilə nəticələndi.

Hadrutun azad olunması əsgərlərin ruh yüksəkliyini daha da artırdı. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan əsgəri bir gün də irəliləmədən döyüşləri dayandırmırdı. Düşmənin isə psixoloji sabitliyi tamamilə pozulmuşdu. Hadrutun azad edilməsindən sonra düşmənin 15–20 minlik qüvvəsinin mühasirəyə düşmək təhlükəsi yaranmışdı. Erməni generallarının Paşinyana müraciətləri də bu vəziyyəti təsdiq edirdi. Prezident İlham Əliyev bütün mühüm qərarları şəxsən qəbul edir, döyüşlərin gedişini birbaşa mərkəzdən idarə edirdi. Hələ aprel döyüşlərindən sonra o bildirmişdi ki, Azərbaycan Ordusu işğalçı qüvvələri qısa müddətdə darmadağın etməyə qadirdir. Bu uzaqgörənlik və inam Vətən müharibəsində tam şəkildə özünü doğrultdu".