“Azərbaycan Türk dünyasının birliyinə və gələcək inkişafına mühüm töhfə verir” - ŞƏRH OLUNDU

9 Oktyabr 2025 15:46 (UTC+04:00)

“2025-ci ildə Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü tarixi əhəmiyyətə malik hadisə kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bu toplantı Türk dünyası ölkələri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın yeni mərhələsinə keçidi nümayiş etdirdi: “Zirvə görüşü bir daha təsdiqlədi ki, Türk Dövlətləri Təşkilatının inkişafı, transformasiyası və əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün strateji prioritetlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında vurğulamışdı ki, “Biz Türk ailəsinə aidik və bu ailə ilə əməkdaşlıq bizim üçün prioritetdir”. Qəbələdə keçirilən görüş də məhz bu konsepsiyanın real təzahürü oldu. 2009-cu ildə Naxçıvan sazişi ilə təməli qoyulan Türk Dövlətləri Təşkilatı bu gün uğurlu və güclü əməkdaşlıq platformasına çevrilmişdir. Azərbaycan yaxın bir il ərzində təşkilata sədrliyi həyata keçirəcək və bu sədrliyin yeni uğurlar, təşəbbüslər və nəticələrlə yadda qalacağı gözlənilir.

Zirvə görüşündə Prezident İlham Əliyev iki mühüm təşəbbüs irəli sürmüşdür. Birinci təşəbbüs 2026-cı ildə Azərbaycanda Türkoloji Qurultayın keçirilməsi ilə bağlıdır. Tarixə nəzər saldıqda, 1926-cı ildə keçirilmiş ilk Türkoloji Qurultay sovet dövründə mühüm elmi hadisə hesab olunsa da, sonradan bu tədbirdə iştirak edən alimlərin repressiyalara məruz qalması ilə nəticələnmişdi. Həmin qurultay, əslində, türkoloqları bir araya gətirmək adı altında onların kimliyini müəyyənləşdirmək və daha sonra siyasi təqiblərə məruz qoymaq məqsədi daşıyırdı. Bu baxımdan, müasir dövrdə yeni Türkoloji Qurultayın keçirilməsi həm elmi, həm də siyasi baxımdan mühüm hadisədir. Bu təşəbbüs Türk xalqları arasında mədəni və elmi inteqrasiyanı gücləndirəcək, ortaq tarixi və mənəvi dəyərlərin elmi əsasda araşdırılmasına imkan yaradacaq.

Prezidentin irəli sürdüyü ikinci mühüm təklif isə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı idi. Müasir dünyada artan təhlükəsizlik çağırışları fonunda bu təşəbbüs strateji əhəmiyyət daşıyır. Birgə hərbi təlimlər üzv dövlətlərin müdafiə potensialını artırmaqla yanaşı, onların orduları arasında koordinasiya və qarşılıqlı inamı möhkəmləndirəcək. Bu, eyni zamanda Türk dünyasının həmrəyliyinin, birliyinin və milli düşüncəsinin güclənməsinə də xidmət edəcəkdir.

Beləliklə, Qəbələ Zirvə Görüşü təkcə siyasi tədbir deyil, həm də Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm tarixi mərhələ kimi qiymətləndirilməlidir. Azərbaycanın bu prosesdə oynadığı aparıcı rol həm regionda, həm də beynəlxalq miqyasda Türk dünyasının birliyinə və gələcək inkişafına mühüm töhfə verir”.