"13 il bundan əvvəl, məhz bu gün keçirilən seçkilərdə Prezident İlham Əliyev Azərbaycan xalqının böyük etimadını qazanaraq yenidən prezident seçildi və bu hadisə, tarixi qələbəmizə doğru gedən yolda mühüm, strateji, əhəmiyyətli bir seçki kimi yadda qaldı. 2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan Prezidenti tərəfindən görülən işlər, 2013-cü ildən sonra 2020-ci ilə qədər görülən işlər Azərbaycanın tarixi zəfərini təmin etdi. 2013-cü ilin bu günü ona görə də müstəqilliyimizə gedən yolun, ərazi bütövlüyümüzün bərqərar olunmasına, suverenliyimizin möhkəmlənməsinə gedən yolun mühüm bir tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, əldə etdiyimiz tarixi zəfər 2025-ci ilin avqust ayında hərbi müstəvidən, siyasi-diplomatik müstəviyyə transfer olunaraq tarixi hadisəyə çevrildi. Əlbəttə ki, biz sadəcə Azərbaycan Prezidentinin fəaliyyətini bir element üzərindən şərh edə bilmərik: "Amma mənə elə gəlir ki, əldə etdiyimiz tarixi zəfərin prizmasından baxsaq, burada qələbəmizi təmin edəcək bütün faktorları və bütün komponentləri görə bilərik: iqtisadi uğurlarımız, sosial uğurlarımız, vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın bərqərar olunması, insan hüquqlarının qorunması, ölkəmizin səmimiyyət dərəcəsinin artması, kommunikasiyaların yaradılması, beynəlxalq münasibətlərdə Azərbaycanın rolunun və mövqeyinin güclənməsi, beynəlxalq təşkilatlara inteqrasiyamızın dərinləşməsi və s. Yəni, əslində bir qələbə hadisəsi ilə biz bütün tarixi nailiyyətlərimizin müxtəlif komponentlərini izah edə bilərik. Yəni, əgər onların hər hansı birində - ya iqtisadiyyatda, ya siyasətdə, ya diplomatiyada - hər hansı bir boşluq olsaydı, əlbəttə ki, bu cür böyük miqyaslı qələbə əldə etmək olmazdı. Ona görə mən düşünürəm ki, 2013-cü ildən sonra önə çıxan əsas prioritetlər elə iqtisadi inkişaf, hərbi gücün artırılması və ərazi bütövlüyünün bərpası olmalı idi ki, buna da biz nail olduq.
Bugün isə əlbəttə ki, tamamilə yeni çağırışlar var, tamamilə yeni prioritetlər var və Azərbaycan Prezidenti bunları ifadə edərkən bizə yeni milli ideya, yeni çağırışlar kontekstində yeni inkişaf və qalib xalq kimi əzmlə Azərbaycanın gələcəyini qurmaq kimi vəzifələr müəyyən edir. Bu istiqamətdə də durmadan bu işlər həyata keçirilir".