"Azərbaycan TDT-nin qlobal gücə çevrilməsində lider rol oynayır" - ŞƏRH EDİLDi

9 Oktyabr 2025 15:20 (UTC+04:00)

"Türk Dövlətləri Təşkilatının (TDT) son Zirvə görüşləri bu qurumun artıq sadəcə mədəni və iqtisadi əməkdaşlıq platforması olmaqdan çıxaraq, qlobal səviyyədə strateji aktora çevrilmək yolunda ciddi addımlar atdığını aydın şəkildə göstərir. Son illərdə təşkilat çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən layihələr və üzv ölkələr arasında artan siyasi koordinasiya türk dünyasının beynəlxalq arenada güclənmək əzmini nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan TDT-nin yaranmasından etibarən həm təşkilatın fəal üzvü, həm də əsas təşəbbüskarlarından biri olub. Prezident İlham Əliyevin türk dünyasının birliyinə dair ardıcıl və uzaqgörən siyasəti nəticəsində bu gün TDT həm regional sabitliyin təminatçısına, həm də Avrasiya məkanında strateji əməkdaşlıq mərkəzinə çevrilib: "Azərbaycanın liderlik rolunu bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, enerji və nəqliyyat layihələri sahəsində ölkəmizin təşəbbüsləri Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması ilə türk dövlətləri arasında birbaşa əlaqələrin formalaşması, həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan Türk dünyasında təhlükəsizlik və sabitlik məsələlərinə ciddi töhfə verir. Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqda Azərbaycan türk həmrəyliyinin gücünü praktiki şəkildə nümayiş etdirdi. Bu da digər üzv ölkələr üçün nümunə rolunu oynayır. TDT-nin institusional inkişafı da Azərbaycanın dəstəyi ilə sürətlənib. Bakı bir çox mühüm sammitlərə, nazirlər toplantılarına ev sahibliyi edib və təşkilatın gündəliyində yer alan prioritetlərin müəyyənləşməsində fəal rol oynayıb.

Ümumilikdə, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşləri göstərir ki, artıq bu qurum regional əməkdaşlıqdan qlobal təsir gücünə malik birliyə doğru irəliləyir. Azərbaycanın bu prosesdəki mövqeyi isə həm siyasi uzaqgörənliyin, həm də strateji liderliyin bariz göstəricisidir. Bu baxımdan, Azərbaycan yalnız təşkilatın üzvü deyil, eyni zamanda onun gələcək istiqamətini müəyyən edən əsas aparıcı qüvvələrdən biridir".