"MDB Oyunları gənc idmançıların dostluq və rəqabət ruhu ilə yadda qaldı" - ŞƏRH EDİLDİ

9 Oktyabr 2025 15:04 (UTC+04:00)

"Builki MDB oyunları təkcə yarışların səviyyəsinə görə deyil, həm də yaratdığı dostluq və həmrəylik atmosferinə görə uzun müddət yadda qalacaq. Yarışlar həm təşkilatçılıq baxımından, həm də idmançılar arasındakı münasibətlər baxımından çox yüksək səviyyədə keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Onun sözlərinə görə, MDB oyunları region ölkələrinin gənc idmançılarının bir araya gəlib öz bacarıqlarını nümayiş etdirməsi üçün möhtəşəm bir platformadır. Bu yarışlar təkcə medal uğrunda mübarizə deyil, həm də təcrübə mübadiləsi, qarşılıqlı hörmət və idman mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıyır: "Bu il xüsusilə gənc idmançıların çıxışı diqqət çəkdi. Onların mübarizə əzmi, qələbə istəyi və rəqabət ruhu MDB oyunlarının əsas ruhunu əks etdirirdi. Fikrimcə, bu yarışlar bir daha sübut etdi ki, bizim bölgədə çox istedadlı və gələcəyi parlaq idmançılar yetişir. Bundan başqa, oyunlar zamanı idmançılar arasında dostluq əlaqələrinin qurulması da çox önəmli idi. Rəqib olsalar da, yarışdan sonra bir-birini təbrik edən, birlikdə şəkil çəkdirən, sosial mediada bir-birini dəstəkləyən gəncləri görmək çox xoş idi. Bu, idmanın sülh və birliyə xidmət edən gücünü bir daha göstərdi. Təşkilat baxımından da hər şey yüksək səviyyədə idi. İdman obyektlərinin texniki vəziyyəti, azarkeşlərin dəstəyi və ümumi ab-hava idmançılara əlavə motivasiya verdi. Hər bir detal düşünülmüşdü və bu, oyunların uğurlu keçməsində böyük rol oynadı.

Sonda onu demək istərdim ki, MDB oyunları yalnız medalların paylandığı yarışlar deyil, həm də ortaq dəyərlərin və qarşılıqlı anlayışın möhkəmləndiyi bir meydandır. Bu ilki yarışlar da məhz bu baxımdan çox dəyərli oldu və biz idmançılar üçün unudulmaz xatirələr bəxş etdi".