"TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşləri uğurlu model kimi tətbiq olunmaqdadır" - ŞƏRH EDİLDİ

9 Oktyabr 2025 14:52 (UTC+04:00)

"Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşü Türk dünyasının güc və imkanlarının artırılması və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni keyfiyyət mərhələsi hesab edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq və regional təsisatlara etimadın itdiyi bir dövrdə Türk Dövlətləri Təşkilatı artan nüfuzu və beynəlxalq arenada güclənən rolu ilə xüsusi diqqət çəkir:

"Pandemiya dövründə cənab İlham Əliyevin təşəbbüsü ilə qlobal səylər məhz ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşdirilmiş, təsisatın müvafiq tələbinə uyğun olaraq BMT Baş Assambleyasının bu mövzuda xüsusi sessiyası çağırılmışdı. Eyni zamanda Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində özünün ərazi bütövlüyü və suverenliyini bərqərar edərək beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin, o cümlədən BMT Nizamnaməsinin aliliyinin təmin edilməsində ehtiva olunan haqq işində Türk Dövlətləri Təşkilatı vahid və qəti mövqe sərgiləyərək özünü çevik hərəkət imkanlarına malik subyekt kimi təsdiq edə bildi. Prezident İlham Əliyev də bu reallıqları düzgün qiymətləndirərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təmasların daha da artırılması qənaətinə gəlmiş və təsisat çərçivəsində dövlət başçılarının rəsmi Zirvə görüşləri ilə bərabər, həm də qeyri-rəsmi Zirvənin keçirilməsi mexanizmini təklif etmişdi. Nəticə etibarilə artıq bir neçə ildir ki, TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşləri uğurlu model kimi tətbiq olunmaqdadır.

Təşkilatın Dövlət Başçılarının XII rəsmi Zirvə görüşü də Azərbaycan Prezidentinin təşəbbüsü ilə artıq mütəmadi hal almış qeyri-rəsmi Zirvə görüşlərinin ümumi işə nə qədər fayda verdiyini bir daha əməli olaraq ortaya qoydu. Azərbaycan Prezidentinin Qəbələ Zirvəsindəki çıxışında əsas diqqətin konseptual məqamlara yönəlməsi və qarşıda konkret vəzifələrin qoyulması birmənalı formada deməyə əsas verir ki, Təşkilat bundan sonra istər öz coğrafiyası, istər qonşu regionlar, istərsə də qlobal mühitdə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində iddialı oyunçu kimi çıxış etməkdə israrlıdır".