Böhran anlarında hər bir şəxs psixoloji yardım və reabilitasiya imkanlarına çıxış əldə etməlidir, heç kəs bu prosesdən kənarda qalmamalıdır. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasınin İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Psixi sağlamlıq və insan hüquqları” sahəsində keçirilən İşçi Qrupun ilk iclasında deyib.
Ombudsman qeyd edib ki, builki Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu olan “Fövqəladə hallar və böhranlar zamanı psixi sağlamlıq xidmətlərinə çıxış” yanaşması müharibə, təbii fəlakət, pandemiya və digər fövqəladə vəziyyətlər zamanı psixoloji dəstək xidmətlərinin əlçatanlığını insan hüquqlarının tərkib hissəsi kimi ön plana çıxarır.
Səbinə Əliyeva vurğulayıb ki, belə hallarda insanların yaşadığı stress, travma və qorxunun onların həyat keyfiyyətinə uzunmüddətli təsir göstərməsi xüsusi diqqət tələb edir. “Bu mövzu təəssüf ki, bizim cəmiyyət üçün son dərəcə aktualdır. Ölkəmiz Birinci və İkinci Qarabağ müharibələrinin ağır nəticələrini yaşamışdır. Müharibələr yalnız fiziki dağıntılarla bitmir, onun mənəvi və psixi təsirləri uzun illər davam edən yaralar qoyur. Köçkünlük, itkilər, əsirlik halları, partlayıcı qalıqların yaratdığı təhlükələr, ailə və icma bağlarının zədələnməsi minlərlə vətəndaşımızın psixi vəziyyətinə mənfi təsir göstərmişdir”, – deyə Ombudsman bildirib.
O, əlavə edib ki, müharibə və postmüharibə dövründə zərərçəkmiş şəxslərə, onların ailə üzvlərinə və yaxınlarına mütəxəssislər tərəfindən psixoloji və tibbi dəstək göstərilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində – Gəncə, Şəki, Ağstafa və Lənkəranda xüsusi aksiyalar təşkil olunub.
“Psixi sağlamlıq yardımı müharibədən sonrakı bərpa prosesinin mühüm tərkib hissəsidir. Ombudsman olaraq, qazilərin və şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqətdə saxlayır və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsini tövsiyə edirik”, – deyə Səbinə Əliyeva vurğulayıb.