“Sosial şəbəkələr müasir insan həyatında risk və imkan mənbəyidir“ - MÜNASİBƏT BİLDİRİLDİ

9 Oktyabr 2025 14:36 (UTC+04:00)

“Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Bu platformalar vasitəsilə insanlar dünyanın müxtəlif yerlərində baş verən hadisələrdən xəbərdar olur, yeni biliklər qazanır və müxtəlif sahələr üzrə məlumatlar əldə edirlər. Sosial şəbəkələrin bu müsbət funksiyaları onların informasiya cəmiyyətindəki rolunu daha da artırır. Lakin bütün bu üstünlüklərlə yanaşı, sosial şəbəkələrdən düzgün istifadə edilmədikdə, onlar mənfi nəticələr doğuran, xüsusilə ailə münasibətlərinə zərər vuran bir vasitəyə çevrilə bilir”. Bu fikirləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, sosial şəbəkələrdə müxtəlif sosial təbəqələrdən olan insanlar öz həyat tərzlərini nümayiş etdirir, ailə dəyərlərini paylaşır və bu yolla cəmiyyətə müəyyən dəyərlər aşılayırlar. Belə paylaşımlar bəzən gənclər üçün müsbət nümunə rolunu oynayır. Məsələn, ailə daxili mərasimlərin, milli dəyərlərə əsaslanan tədbirlərin paylaşılması gənc nəsildə ailəyə hörmət və sevgi hisslərini gücləndirə bilir. Bu baxımdan sosial şəbəkələr ailə dəyərlərinin təbliğində mühüm vasitə ola bilər.

Lakin digər tərəfdən, sosial şəbəkələrdə ailə dəyərlərinə zidd, maddiyyatın və saxta həyat tərzinin təbliği də geniş yayılmışdır. Bəzi blogerlər və istifadəçilər bahalı hədiyyələr, avtomobillər və lüks həyat tərzini nümayiş etdirərək gənclərdə yanlış təsəvvür formalaşdırırlar. Əslində bu paylaşımların əksəriyyəti həqiqəti əks etdirmir, onlar izlənmə və bəyənmə sayını artırmaq, gəlir əldə etmək məqsədilə hazırlanır. Nəticədə gənclər bu saxta həyatı öz reallıqları ilə müqayisə edir, münasibətlərdə əsassız gözləntilər yaranır və ailə münaqişələri meydana çıxır. Belə hallarda sosial şəbəkələri deyil, onlardan istifadə edən insanları günahlandırmaq daha doğru olar. Çünki hər bir fərd sosial mediadan necə istifadə edəcəyini özü müəyyənləşdirir. Əgər bu platformalardan düzgün və məqsədyönlü şəkildə istifadə olunsa, onlar ailə dəyərlərinin möhkəmlənməsinə, sağlam münasibətlərin formalaşmasına xidmət edə bilər.

Eyni zamanda, sosial şəbəkələrdə ailə dəyərləri, psixoloji sabitlik və münasibətlərin düzgün qurulması ilə bağlı çoxlu maarifləndirici videolar, məqalələr və məsləhətlər mövcuddur. Bu baxımdan sosial media həm zərərli, həm də faydalı ola bilər , bu, tamamilə istifadəçinin seçimindən asılıdır. Nəticə etibarilə, sosial şəbəkələr müasir insan həyatında həm risk, həm də imkan mənbəyidir. Əgər fərd dərk edərsə ki, bu platformalarda təqdim olunan həyat çox zaman reallığa uyğun deyil və əsas məqsəd kommersiya maraqlarıdır, o zaman sosial şəbəkələr onun ailə münasibətlərinə mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər. Buna görə də sosial mediadan məqsədyönlü, mədəni və şüurlu şəkildə istifadə etmək, ailə dəyərlərimizi qorumağın ən vacib şərtlərindən biridir”.