2025–2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 11 nəfər azərbaycanlı Türkiyədə təhsil almaq hüququ qazanıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, proqram Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.
Yekun qərara əsasən, təqaüd proqramına seçilmiş şəxslər turizm idarəçiliyi, ictimai hüquq, xüsusi hüquq, jurnalistika, kompüter mühəndisliyi, meşə mühəndisliyi, tarix, kimya, biznesin təşkili və idarə edilməsi, siyasi elm və dövlət idarəçiliyi ixtisasları üzrə Hacettepe Universiteti, Atatürk Universiteti, Akdeniz Universiteti, Dokuz Eylül Universiteti, İstanbul Universiteti, İstanbul Universiteti - Cerrahpaşa və digər nüfuzlu ali məktəblərdə təhsil alacaqlar.
Qeyd edək ki, tələbələrdən 10 nəfəri doktorantura, 1 nəfəri isə postdoktorantura üzrə sözügedən təhsil müəssisələrinə qəbul olunub.