Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb - DTX

9 Oktyabr 2025 11:38 (UTC+04:00)

CIDC 2025-də aparılacaq müzakirələrin əsas mövzularından biri kritik informasiya infrastrukturlarının təhlükəsizliyi və kibermüdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində yeni problemlər və onların həlli yollarıdır. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge-2025" tədbirində deyib.

“Enerji, su təchizatı, nəqliyyat, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələrin rəqəmsallaşması onları kibertəhdidlərə qarşı daha həssas edir. Dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb xarakter alır, transsərhəd imkanları sürətlə genişlənir. Son illər beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin kiberhücum nəticəsində iflic vəziyyətinə düşməsi bunun bariz nümunəsidir. Qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövrdə DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetlərindən biri olub. Müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik qurumları, qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb”, – deyə Davud Rüstəmov vurğulayıb.

D.Rüstəmov əlavə edib ki, cari ildə DTX tərəfindən kritik informasiya infrastrukturu obyektlərinin reyestri yaradılıb, məsul şəxslər müəyyənləşdirilib və onlarla təhlükəsiz rabitə kanalları qurulub: “Həmçinin Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət birgə komissiya formalaşdırılıb. Kritik infrastrukturlara yönəlmiş qlobal kibertəhdid aktorları müəyyən edilərək onların hücumlarının qarşısı vaxtında alınıb, bir sıra şəxslər isə qanunsuz kiberəməliyyatlara görə cinayət məsuliyyətinə cəlb olunublar. DTX tərəfindən İSO-15408 Ümumi Meyarlar Laboratoriyası yaradılıb. Burada informasiya və kriptoqrafik mühafizə vasitələrinin sınaqları keçiriləcək və beynəlxalq standartlara uyğun sertifikatlaşdırılacaq. Bundan başqa, mərkəz tərəfindən bütün növ kibertəhdid məlumatlarının toplanması, təhlili və paylaşılmasını təmin edən MISP platforması yaradılıb. Bu platforma ölkənin kritik infrastruktur subyektləri ilə yanaşı, tərəfdaş xüsusi xidmət orqanları ilə də əməkdaşlıqda mühüm rol oynayır”.

DTX rəsmisi, həmçinin süni intellekt texnologiyalarının cinayət məqsədli istifadəsinə dair artan risklərdən danışıb və bildirib ki, bu istiqamətdə hüquqi və texniki tədbirlər həyata keçirilir.

“Əminəm ki, bu tədbir çərçivəsində aparılacaq müzakirələr və təcrübə mübadiləsi kritik informasiya infrastrukturlarının qorunmasına dair biliklərimizi zənginləşdirəcək, beynəlxalq əməkdaşlığımızı daha da gücləndirəcək, nəticədə ölkəmizin milli təhlükəsizliyini qlobal təhdidlərə qarşı daha da dayanıqlı edəcək”, – deyə Davud Rüstəmov əlavə edib.