Həmas və İsrail razılığa gəldi

9 Oktyabr 2025 11:56 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-İsrail danışıqlarına dair bəyanat verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Şarm əl-Şeyxdə keçirilən və Türkiyənin də iştirak etdiyi danışıqların Qəzzədə atəşkəslə nəticələnməsindən məmnunluğunu ifadə edib.

Ərdoğan İsrail hökumətinin atəşkəsə razı salınmasında siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Donald Trampa, həmçinin razılaşmanın əldə edilməsində rol oynayan Qətər və Misirə təşəkkür edib.

“Türkiyə olaraq bu razılaşmanın tam şəkildə yerinə yetirilməsini diqqətlə izləyəcəyik və prosesə dəstək verməyə davam edəcəyik. Eyni zamanda, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılması istiqamətində mübarizəmizi davam etdirəcəyik,” – deyə Ərdoğan bildirib.

Prezident həmçinin uzun illərdir ağır şəraitdə yaşayan, ailə üzvlərini itirən, lakin ləyaqətli duruşlarını qoruyan fələstinli qardaşlarına dərin hörmət və ehtiramını çatdırıb. “Uca Allah fələstinli qardaşlarımızın yardımçısı olsun, şəhidlərimizin ruhunu şad etsin,” – deyə o vurğulayıb.