Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödəniş dövriyyəsinin 87 faizi elektron ticarətin payına düşür. SİA xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Bakı Fintex Forum-2025"də çıxışı zamanı deyib.
Z.Nuriyev qeyd edib ki, elektron ticarətin inkişafının davamlı olması, kiçik və orta sahibkarlıq subyektlərinin elektron ticarətə cəlb edilməsi, habelə maliyyə xərclərinə qənaət baxımından, elektron ticarətdə ödəniş əməliyyatları üzrə hesablaşma müddətləri iştirakçılar arasında müstəqil qaydada tənzimlənməlidir.
“Hesab edirik ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir. Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək. Bərabər rəqabət mühitinin qorunub saxlanılması və bu əsasda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə məlumatlardan istifadə edilməsi və bu alətin daha effektiv idarə olunması üçün qabaqcıl Avropa təcrübəsindən yararlanmalıyıq. Bu məqsədlə məlumatların saxlanılması, istifadəsi və ümumilikdə məlumatlarla işin təşkili üzrə qanunvericilik tələbləri müəyyən edilməlidir. Bu, həmçinin ekosistem iştirakçıları üçün bərabər imkanlar yaratmağa və məlumatın hər bir iştirakçı üçün bərabər şərtlər altında əlçatan olmasına imkan verəcəkdir”, - deyə Zakir Nuriyev vurğulayıb.
ABA sədri əlavə edib ki, bank–fintex əməkdaşlığı çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mərkəzləşdirilmiş platformanın yaradılması ilə yanaşı, hər bir ödəniş xidməti təchizatçısı tərəfindən fərdi qaydada tədbirlərin görülməsi, infrastruktur imkanlarının təkmilləşdirilməsi, əlavə resursların cəlb edilməsi və preventiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutmalıdır: “Hesab edirik ki, ödəniş xidməti istifadəçiləri tərəfindən ödəniş alətlərinin başqa şəxslərə təqdim edilməsi nəticəsində baş verən fırıldaqçılıq əməliyyatları üzrə qanunvericilikdə məsuliyyət hədlərinin müəyyən edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və bu əsasda tələblərin formalaşdırılması birgə mübarizənin daha effektiv qurulmasına imkan verəcək. Ekosistemdə açıq bankçılıq platformasına fintexlərin də inteqrasiyası prosesi sürətləndirilməlidir. Paralel olaraq, açıq bankçılıq üzrə vahid standartların müəyyən edilməsi isə ödəniş xidməti təchizatçıları arasında inteqrasiya əlaqələrinin bərabər əsaslarla qurulmasına şərait yaradacaq. İnnovativ həll və texnologiyaların tətbiqinin daha da genişləndirilməsi üçün tənzimləyici test rejiminin tətbiqi imkanları mövcud inkişaf tendensiyasına uyğun olaraq yenidən təkmilləşdirilə bilər. Ekosistem iştirakçıları tənzimləyici test rejimində yeni layihələrin sınaqdan keçirilməsinə daha əsaslı yanaşmalı və onu prioritet hədəflərdən biri etməlidir. Tənzimləyici test rejimində tətbiq edilən nəzarət və tənzimləmə tədbirləri ənənəvi yanaşmadan fərqlənməlidir”.