"Biz hər zaman qidaların insan sağlamlığına vurduğu zərərlərdən danışarkən ilk olaraq bildiririk ki, əgər qidalar — istər şirniyyatlar, istər digər məhsullar — normal şəraitdə və saxlama qaydalarına uyğun saxlanılmasa, satışı düzgün təşkil edilməsə, soyuq qida zənciri qırılsa, yaxud məhsullar günəş şüası altında saxlanılsa, bu, insan sağlamlığına ciddi zərər vura bilər. Belə hallarda məsələ açıq və aydındır: bu, birbaşa sağlamlığa zərərlidir". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
Onun sözlərinə görə, xüsusilə diqqət tələb edən məqam uşaqların məktəb bufetlərindən və ya küçə satış nöqtələrindən aldıqları məhsullarla bağlıdır: "Uşaqlar, xüsusilə azyaşlılar, allergik xəstəliklərə daha çox meyilli olurlar. Bu hallar bəzən yaş artdıqca azalsa da, məktəb yaşında olan uşaqlar üçün risk hələ də yüksək olaraq qalır.
Məktəb bufetlərində qidaların saxlanma şəraitinə və məhsulların yararlılıq müddətinə ciddi nəzarət olunmalıdır. Soyuducuda saxlanmalı olan, lakin soyuducusuz şəraitdə satılan məhsullar uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaradır. Bunu heç bir arqumentlə əsaslandırmaq olmaz. Bu cür qidalar zərərlidir və onların satışı yolverilməzdir. Məktəb bufetlərində satılan müxtəlif bulyonlar, fast-food məhsulları — məsələn, dönər və ya bir yağda dəfələrlə bişirilən qızartmalar — uşaqların sağlamlığı üçün ciddi risk yaradır. Son illərdə bu halların sayı bir qədər azalsa da, bəzi bölgələrdə hələ də müşahidə olunur. Əgər mütəmadi monitorinqlər aparılmırsa, sanitar-gigiyenik normalara əməl olunmursa, saxlama qaydalarına riayət edilmir və məhsulun yararlılıq müddətinə nəzarət olunmursa, bu, uşaqların sağlamlığı üçün real təhlükə deməkdir.
Valideyn övladını məktəbə etibar edirsə, həmin müddət ərzində (5–6 saat) məktəb onun məsuliyyətini daşıyır. Uşaq məktəb bufetindən qazlı içki, şirniyyat və ya digər məhsul alırsa və həmin məhsulun istifadə müddəti keçibsə, yaxud düzgün şəraitdə saxlanılmayıbsa və nəticədə uşağın sağlamlığında problem yaranırsa, bu zaman məsuliyyət valideynin deyil, məktəb rəhbərliyinin üzərində olmalıdır. Bu məsələyə çox ciddi və prinsipial şəkildə yanaşmaq vacibdir".