Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2026-cı il üçün dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını açıqlayıb. SİA xəbər verir ki, 2191 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinq siyahısında Bakı Dövlət Universiteti (BDU) 1501+ diapazonunda qərarlaşıb və ölkə üzrə ikinci ən yüksək nəticəyə nail olub.
Qeyd etmək lazımdır ki, THE-nin 2026-ci il üçün dərc olunan reytinq nəticələrinə əsasən, BDU-nun "Tədris” (“Teaching”) indikatoru üzrə göstəricisi 22.9-dan 30.1-ə yüksəlib (31.4%). “Tədqiqat mühiti” (“Research Environment”) indikatoru üzrə göstərici isə 9.1-dən 10.1-ə çatıb (11%). Eyni zamanda, “Tədqiqat keyfiyyəti” (“Research Quality”) indikatoru üzrə qiymətləndirmə nəticəsi 17.8-dən 21.2-yə (19.1%), “Sənaye əlaqələri” (“Industry Income”) üzrə göstərici isə 19-dan 21-ə yüksəlib (10.5%). Bununla yanaşı, “Beynəlxalq perspektiv” (“International Outlook”) indikatoru üzrə göstərici 38-dən 45.4-ə çataraq (19.5%) artım nümayiş etdirib.
Məlumat üçün bildiririk ki, BDU THE tərəfindən dərc olunan “THE Dayanıqlılıq Reytinqində” (“THE Impact Ranking”) 401–600, “THE Fənlərarası Elm Reytinqi”ndə (“THE Interdisciplinary Science Ranking”) 201–250, fizika elmləri üzrə fənn reytinqində 1001+ və mühəndislik üzrə fənn reytinqində 1001–1250 diapazonunda yer alır. Bu nəticələr BDU-nun akademik fəaliyyəti, tədqiqat potensialı və dayanıqlılıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanındığını göstərir.