Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir

9 Oktyabr 2025 08:12 (UTC+04:00)

Özbəkistan Mərkəzi Asiyada Qazaxıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. SİA Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, tərəflər qarşılıqlı ticarətin həcmini 10 milyard dollar səviyyəsinə çatdırmaq məqsədilə ardıcıl fəaliyyət göstərirlər.

Bu ilin yanvar–avqust aylarının yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artım deməkdir. Qazaxıstanın ixracı 2,2 milyard dollar təşkil edib və 26,7 faiz artıb, nəticədə 1,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb.

Müsbət göstəricilərdən biri də Qazaxıstanın yüksək əlavə dəyərli məhsullarının, o cümlədən metallurgiya, neft-kimya, maşınqayırma və aqrosənaye sahələrində istehsal olunan məhsulların ixracının genişlənməsi olub. Özbəkistana ümumi dəyəri 550 milyon dollardan çox olan 40 perspektiv məhsulun siyahısı təqdim edilib.

Tərəflər həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayırırlar. Hazırda ümumi dəyəri 4,4 milyard dollar olan 34 layihə və 2,6 milyard dollar məbləğində 7 ticarət müqaviləsi üzrə iş aparılır.