Ağstafada şair Həmid Abbasın 90 illik yubileyi qeyd olunub

8 Oktyabr 2025 20:18 (UTC+04:00)

Ağstafa rayon Heydər Əliyev Mərkəzində tanınmış şair Həmid Abbasın anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti (RİH), Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimində şairin ailə üzvləri, şəhid ailələrinin nümayəndələri, eləcə də bölgənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdən öncə iştirakçılar Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən Həmid Abbasın büstünü ziyarət edərək xatirəsini yad ediblər. Daha sonra Mərkəzin foyesində şairin həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçən yubiley mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, şairin qardaşı Teyyub Abbasov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisinin” sədri Saqif Qaratorpaq, rayon ağsaqqalı Gülgün Kərimov, şair Rəfail İncəyurd və başqaları çıxış edərək Həmid Abbasın zəngin ədəbi və ictimai fəaliyyətindən danışıblar.

Mərasimdə incəsənət nümayəndələri şairin poeziyasından nümunələr səsləndirib, sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Qeyd edək ki, Həmid Məmmədəli oğlu Abbasov 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində anadan olub. Əmək fəaliyyətinə Azərinformda tərcüməçi şagird kimi başlayan Həmid Abbas sonrakı illərdə ədəbi işçi, səyyar müxbir, tərcüməçi, redaktor və müxtəlif məsul vəzifələrdə çalışıb. O, Azərbaycan KPMK-da təbliğat və təşviqat şöbəsində (1970-1981) rəhbər vəzifələrdə işləyib, 1981-ci ildən isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub.

“Tarla qızları” adlı ilk şeirlər toplusu “A.Həmid” təxəllüsü ilə çap olunub. Yaradıcılığı ərzində bir çox şeirlərinə musiqi bəstələnib. Şair “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilib. O, 1999-cu il noyabrın 19-da Bakı şəhərində vəfat edib.