“Explore Azerbaijan” rubrikasının növbəti buraxılışında “Euronews” kanalı Azərbaycanın İsmayıllı rayonunun orijinal kənd kimliyinə xələl gətirmədən yeni sakinləri və sənətsevərləri qəbul etməklə özünü necə yenidən mənalandırdığı barədə süjet yayımlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, kanalın müxbiri Anka Ulea həyatın sadə sevinclərini və sakitliyini kəşf etmək üçün İsmayıllıya səfər edib.
“Ləzzətli yeməklər və şərab, möhtəşəm təbiət və… sakitlik”, - deyə jurnalist tamaşaçıları Azərbaycanın kənd bölgələrini kəşf etməyə dəvət edib. Süjetdə vurğulanır ki, Avropada insanların çoxu sürətli tempdə yaşayan şəhərlərdədir, halbuki bu səfərdə tamaşaçılara tələsmədən kənd həyatının dadını çıxarmaq təklif olunur.
Televiziya səyahəti vaxtilə Qafqazın sonuncu kolxozu olan İvanovka kəndindən başlayır. Bu gün İvanovka kollektiv təsərrüfatının bəzi ənənələrini qoruyub saxlayan aqropark kimi fəaliyyət göstərir. Kəndin maraqlı tarixi var və bu tarixlə molokanların Mədəniyyət Mərkəzində tanış olmaq mümkündür. Burada dini inanclarına görə Qafqaza sürgün edilmiş rus xristianlarının həyatını əks etdirən eksponatlar nümayiş olunur. İvanovka 1847-ci ildə salınıb və icma bu günədək özünəməxsus ruhunu qoruyub saxlayır.
“Muzeyimizdə iki mindən çox eksponat var. Biz İvanovkanın tarixini yaşatmaqla yanaşı, kolleksiyanı əcdadlarımızın həyat tərzini əks etdirən yeni eksponatlarla zənginləşdirməyə çalışırıq”, - deyə Mərkəzin direktoru Nadejda Jabina bildirib.
Lakin süjetdə qeyd olunur ki, İvanovka yalnız keçmişlə yaşamır. Mədəniyyət Mərkəzinin konsert zalında yaradıcılıq tədbirləri keçirilir. Yenilənmiş “Damir Art House”da Bakıdan gələn gənc rəssamlar sakit və ilhamverici mühitdə yaradıcılıqla məşğul olurlar. Kəndə yeni sakinlər köçür, qonaq evləri və kafelər açılır.
“Kənd populyarlaşır. İnsanlar buraya sakitlik və təbii, üzvi qidalar üçün gəlirlər”, - deyə turizm obyektlərindən birinin sahibi Hassan Niknafs qeyd edib.
Süjetin növbəti hissəsində üçüncü nəsil arıçı Andrey Antifeyevin fəaliyyəti təqdim olunur. Onun istehsal etdiyi bal beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb. Müxbirin sözlərinə görə, bu uğurun sirri arıların tozlandırdığı zəngin bitki örtüyündə və mobil pətəklərdədir. Andrey həm də turistlər üçün turlar və dequstasiyalar təşkil edir. Bu dəfə o, may və erkən yay balı təqdim edib və Anka Ulea onların rəng, ətir və dad fərqini şəxsən yoxlayıb.
İsmayıllıda aqroturizmin inkişaf etdiyini vurğulayan jurnalist daha sonra Çabiant çaxır zavoduna baş çəkib. O qeyd edib ki, sentyabr məhsul yığımı üçün ən əlverişli vaxtdır. “Bu dövrdə qonaqlar üzüm yığımı və əzmə prosesində iştirak edirlər. Bu, istehsalçı və istehlakçını bir araya gətirən maraqlı və əyləncəli hadisədir”, - deyə o bildirib və üzüm salxımlarını şəxsən yığmağa qoşulub.
İtalyan şərabçı Marko Katalani isə Şirvan vadisinin unikal mikroiqlimində özünəməxsus şərabçılıq fəlsəfəsi formalaşdırdığını deyib: “Məqsədimiz bilik və təcrübədən yararlanaraq, onları Azərbaycanda tətbiq etməkdir. Ənənələr, mənzərə və insanlar üzümçülüyün böyük potensialını üzə çıxarmağa imkan yaradır”.
Anka Ulea səfərin sonunda bildirib: “Burada “fermadan süfrəyə” anlayışı həyat tərzidir. Bu ləzzətli səyahət mənə İvanovka və İsmayıllıda tələsmədən yaşamağın zövqünü öyrətdi”.